Ukrayna böhranını Aİ, ABŞ, Rusiya və Ukrayna müzakirə edəcək

Şəklin mənbəyi, RIA Novosti
Avropa İttifaqının diplomatları, Rusiya, ABŞ və Ukrayna gələn həftə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüşəcəklər. Bu, böhran başlayandan bəri ilk belə formatda görüş olacaq.
Gözlənilən kimi danışıqlarda Aİ-nin Xarici Siyasət üzrə Ali Komissarı Catherine Ashton, ABŞ Dövlət katibi John Kerry, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun ukraynalı həmkarı Andriy Deshchytsia iştirak edəcək.
Görüşün dəqiq yeri və tarixi haqda hələlik məlumat verilmir. Aİ təmsilçisi görüşün Avropada keçiriləcəyini təsdiqləyib.
Daha öncə Sergey Lavrov Moskvanın Ukraynadakı vəziyyəti çoxtərəfli formatda danışıqlarda müzakirəsinə hazır olduğunu bildirib.
Baronessa Ashtonun təmsilçisi bəyan edib ki, Aİ-nin Xarici Siyasət üzrə Ali Komissarı “Ukraynadakı vəziyyətin yüngülləşdirilməsi üçün diplomatik cəhdlərini davam etdirəcək. Bu məzmunda gələn həftə o, ABŞ, Rusiya və Ukrayna xarici işlər nazirləri ilə danışıqlar aparacaq”.
“Qoşunları geri çəkmək”
Bu arada NATO Baş katibi Anders Fogh Rasmussen Rusiya hakimiyyətini Ukrayna ərazisinə rus qoşunlarının yeridilməsinin ağır nəticəli “tarixi səhv” olacağı ilə bağlı xəbərdarlıq edib
Rasmussen tezliklə rus qoşunlarının Ukrayna sərhəddindən geri çəkilməsini tələb edib.
“Mən həqiqətən də çox narahatam. Mən Rusiyanı kənara çəkilməyə və Ukraynanın şərqində vəziyyəti gərginləşdirməməyə çağırıram”, NATO baş katibi bəyan edib.

Şəklin mənbəyi, AFP
O, Rusiyanı Ukrayna ilə sərhəddə “on minlərlə əsgəri geri çəkməyə” və “Ukrayna hakimiyyəti ilə konstruktiv dialoqu başlamağa” çağırıb.
BBC-yə müsahibəsində cənab Rasmussen deyib ki, vəziyyətin narahatlıq doğurduğuna baxmayaraq, NATO hazırda Rusiyanın hərəkətinə güclə cavab vermək variantını nəzərdən keçirmir.
“Biz inanırıq ki, münaqişə siyasi və diplomatik yollarla həll olunmalıdır. Amma buna nail olmaq üçün, hərbi vəziyyətin miqyasını kiçiltməyə ehtiyac var. Ona görə Rusiyanın təcili qaydada qoşunlarını geri çəkməsi lazımdır”, o deyib.
“Biz prinsip etibarilə heç zaman fövqaladə vəziyyət halında planlarımızı şərh etmirik. Amma indi biz öncəliklə müttəfiqlərimizin kollektiv təhlükəsizliyinə önəm veririk və ona görə hava məkanına nəzarəti gücləndirmək, baş verənləri müşahidə etmək üçün addımlar atırıq və siz, həmçinin bizim Qara dənizdə hərbi iştirakımızın möhkəmləndiyini görə bilərsiniz”, NATO Baş katibi BBC-yə müsahibəsində deyib.
Çərşənbə axşamı NATO-nun rəsmi təmsilçisi alyansın yaxın zamanda Baltik ölkələrinin üzərində, səmada növbə çəkən qırıcıların sayının üç dəfə artıracağını təsdiqləyib.
“Rusiya xüsusi xidmət orqanlarının təxribatçıları”
ABŞ Dövlət Katibi John Kerry Senatda bəyan edib ki, Ukraynanın şərqindəki toqquşmalarda, həmçinin Rusiya xüsusi xidmət orqanlarının oraya “xaos əkmək” məqsədilə göndərilən təxribatçıları iştirak edir.
Kerrynin sözlərinə görə, Kreml Krım məsələsində olduğu kimi vəziyyətdən istifadə edərək Ukrayna ərazisinə qoşun yeritmək istəyir.
“Aydın olmalıdır ki, Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz heç şübhəsiz Rusiyanın on doqquzunçu əsrdəki hərəkətlərinə görə iyirmi birinci əsrin vasitələrini istifadə edirlər”, ABŞ Dövlət katibi bəyan edib.
John Kerrynin bəyan etdiyi kimi, Rusiyanın mümkün hərbi müdaxiləsi ona baha başa gələcək. Vaşinqton tərəfdən yeni sanksiyalar Rusiya iqtisadiyyatının bank, energetika, dağ mədənçiliyi və digər önəmli sahələrinə toxunacaq.
“Onların hamısı masa üzərindədir və prezident Obama bu addımların gerçəkləşməsi üçün artıq sərəncam imzalayıb”, amerikalı Dövlət katibi vurğulayıb.

Şəklin mənbəyi, BBC World Service
Rusiya xarici işlər naziri dərhal Kerrynin çıxışına münasibət bildirib.
“Bizim amerikalı həmkarlarımız öz vərdişlərini digərlərinə tətbiq etməklə vəziyyəti təhlil etməyə çalışır”, Lavrov ABŞ-ın Maydana maliyyə yardımı edə biləcəyinə işarə vuraraq qeyd edib.
“Elə səslənir ki, sanki beş ay öncəyə dönüb və Kiyevin Maydanında baş verənləri təsvir edir”, XİN rəhbəri deyib.
“Ciddi nəticələr”
Daha öncə ABŞ Ukraynanın şərqində rusiyameylli etirazçıların Donetsk, Xarkov və Luqanskda dövlət binalarının ələ keçirilməsindən sonra gərginliyin artması ilə bağlı “böyük narahatlıq” ifadə edib.
Çərşənbə günü amerikalı senatorlar Rusiya ilə istənilən hərbi əməkdaşlığın dayandırılması və müdafiə xərclərini tənzimləyən illik qanun layihəsinə bir sıra tədbirlərin daxil etmək məqsədlərini bəyan edib.
Amerika Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin rəhbərləri cənab McCain, Michael Rogers və Michael Turner prezident Obama üçün “hərəkətlər siyahısı” adlandırdıqları bu qanun layihəsini dəstəkləyib.
“Ukraynanın belə bir problemlə üzləşdiyi və Birləşmiş Ştatların kənarda qalmasını uyğunlaşdıra bilmirəm”, Michael Turner bəyan edib.




