Donetsk "respublika" elan edilib

Şəklin mənbəyi, BBC World Service
Rusiyapərəst nümayişçilər Ukraynanın Donetsk şəhərində hökumət binalarını tutandan sonra "xalq respublikası" elan ediblər.
İnternetdə yayımlanmış videoda bir nəfərin rus dilində "Donetsk Xalq Respublikasının suveren dövlətinin yaradıldığını elan edirəm" söylədiyini göstərib.
Üsyançılar yeni respublikanın yaradılması üçün referendum çağırıblar, xəbərlərdə deyilir.
Bazar ertəsi səhər nümayişçilər Donetsk və Luqanskda dövlət binalarını tutublar.
Daha əvvəl Xarkovda Ukraynanın rusdilli şərq bölgələrinə geniş muxtariyyət verilməsi üzrə referendum keçirilməsini tələb edən Rusiyaya meylli fəallarla vahid ölkə tərəfdarları arasında toqquşmalar baş verib.
Donetsk, Xarkov və Luqansk hadisələri ilə bağlı Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov Litvaya nəzərdə tutulan səfərini təxirə salıb, daxili işlər naziri Arsen Avakov isə iğtişaşların təşkil edlməsində Rusiya prezidenti Vladimir Putini və Rusiyada sığınan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi təqsirləndirib.
"Az adam toplayıblar, lakin aqressivlik həddini aşır, - Arsen Avakov öz Facebook səhifəsində yazıb. - Həm separatçılara, həm də iğtişaşlara NƏ BAHASINA OLURSA OLSUN son qoymağı tələb edən dəliqanlılara cavab verirəm. Vəziyyət QANSIZ nəzarət altına qaytarılacaq. Asayiş mühafizəçilərinə belə əmr verilib".
Ötən həftəsonu Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema son iki ay ərzində ölkənin müxtəlif şəhərlərində 320-yə qədər separatçı aksiyalar keçirildiyini və onlarda təxminən 242 000 adam iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, bu kimi aksiyaları şəxsən, kənar edilmiş prezident Viktor Yanukoviç özü ilə Rusiyaya apardığı vəsaitlərdən maliyyələşdirir.
Bununla belə Yarema Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Daxili İşlər Nazirliyi tərəfindən separatçılıq ittihamı ilə araşdırılan 75 cinayət işi üzrə 15 nəfərin həbs olunduğunu bildirib.
Xarkov

Şəklin mənbəyi, BBC World Service
Xarkov regional administrasiyasının binası rusiyapərəst fəallardan tamamilə azad edilib, Ukraynanın xarici işlər naziri Arsen Avakov Facebook səhifəsində yazıb.
"Bina separatçılardan tamamilə azad edilib. İş prosesi başlayıb. Kömək edənlərə təşəkkürlər", cənab Avakov yazıb.
Şərqi Ukraynada baş verən son hadisələrlə bağlı prezident vəzifəsini icra edən Aıelsamdr Turçinov Litva səfərini təxirə salıb və hüquq-mühafizə orqanları rəhbərlərini təcili yığıncağa çağırıb.
Bazar günü Rusiyaya meylli fəallardan ibarət izdiham Ukraynanın şərqində Donetsk, Xarkov və Luqansk şəhərlərində hökumət binalarını ələ keçirib. Onlar bu rusdilli regionların statusu üzrə referendum keçirməyi tələb edirlər.
Xarkovda inzibati binanın önündə toplaşan və binanın üzərində Rusiya bayrağını ucaldan təxminən 2 000 nəfərədək izdiham qarşısında hüquq mühafizə qüvvələri geri çəkilməyə məcbur olmuşdu.
Donetsk

Şəklin mənbəyi, BBC World Service
Bazar günü Donetskdə 2 000 nəfər administrasiya binası önündə toplaşıb, aqressiv əhval-ruhiyyəli gənclər isə şüşə qapılara daş atmağa başlayıblar.
Mitinq iştirakçıları giriş qapısında dayanan daxili qoşunların döyüşçülərinə hücum edib, bir neçə canlı sipər yarılıb və qapını açmağa cəhd ediblər. Bundan sonra dəmir barmaqlıqları qırıb binaya daxil olublar. Başqa bir etirazçı dəstəsi isə daxili həyətə müdaxilə edib, BBC Ukrayna müxbiri bildirib.
Müdaxilə edənlər Rusiya bayraqlarını yelləyərək ikinci mərtəbənin balkonuna çıxıb. Fəalların əksəriyyəti üzlərini maska arxasında və ya başlıqlarla gizlədirlər.
Onlar, həmçinin binanın önünə “Donetsk Respublikası” yazılı lövhə vurublar.
“Bu, bizim son döyüşümüzdür. Axıracan dayanacaq və 9 mayı bizim qələbəmizin günü edəcəyik. Polis UTX, Taruta (vilayət administrasiyasının başçısı – Red.) gəlsin... Onlar kimdir, Vilayət Şurasının deputatları? Bizim üçün referendum etsinlər”, - natiqlərdən biri deyib.
Binanı tutanlar Vilayət Şurası deputatlarının toplaşıb vilayətin statusu üzrə referendumun tarixini təyin etməyi tələb edirlər. Bundan başqa, onlar daha əvvəl həbs olunmuş Rusiya meylli aksiyaların liderlərini, eləcə də özünü “xalq qubernatoru” elan etmiş Pavel Qubaryovun azadlığa buraxılmasını tələb edirlər.
Polis mitinq iştirakçılarına mərkəzi girişdən binaya daxil olub çıxmağa mane olmur. Güc strukturu əməkdaşlarının bir hissəsi binanın içindədir. Binanın əhatəsində bir neçə tam təchiz olunmuş daxili qoşun döyüşçüləri gözə dəyir.
Vilayət prokurorluğu şəhərdə kütləvi iğtişaşlar faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən istintaq başladığını bildirib. İstintaq-əməliyyat qrupu yaradılıb, hadisələrin ən fəal iştirakçıları və təşəbbüsçüləri müəyyən edilir; onların hərəkətlərinə müvafiq qiymət veriləcək, idarənin mətbuat xidmətinin məlumatında deyilir.
Luqansk

Şəklin mənbəyi, BBC World Service
Luqanskda Rusiyanın lehinə mitinq zamanı etirazçılar Ukrayna Təhlükəsizlik Şurası Vilayət İdarəsinin binasına müdaxilə ediblər.
Günortadan sonraya olan məlumata görə, binanın qarşısında 3 minədək adam toplaşıb, şəhərin mərkəzi istiqamətində yol tamam bağlanıb.
Taras Şevçenkonun heykəli yanından hərəkət edən cərgələrin ön sıralarında əllərində Hava Desant Qoşunları bayraqlarını tutan kamuflyaj geyimli dəstələrin addımladığı bildirilir. İzdiham: “Fəallara azadlıq”, “Xalq xainləri”, “Qab dibi yalayanlar”, “UTX-MKİ” kimi şüarlar səsləndirib.
Fəallar Luqansk vilayətində separatçılığa görə tutulanların siyahısını hazırlayıb və onların dərhal buraxılmasını tələb edib. Onlar binanın girişini yumurta, plastik butulka, daş atəşinə basıb, milis cərgəsini yarıb binaya daxil olub.

Şəklin mənbəyi, BBC World Service
Binanın pəncərələrindən şlanqlardan izdihamın üstünə su tökülməyə başlayıb, gözyaşardıcı qaz sıxılıb. Atəşə bənzər səslər eşidildiyi, tüstü şaşkaları atıldığı və UTX pəncərələrindən güclü tüstü çıxdığı bildirilir.
Yerli informasiya vasitələri iki nəfərin yaralandığını bildirir.
Saat 16:00-da danışıqlar aparmaq üçün Luqansk vilayət administrasiyasının başçısı Mixail Bolotskix və vilayət DİN Baş İdarəsinin rəisi Vladimir Quslavski UTX binasının yanına gediblər.




