Təhlil: şərqi Ukraynada etirazlar niyə yenidən başlayıb?

Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Kiyevdə keçid höküməti Ukraynanın şərqində davam edən etiraz aksiyalarından narahatdır
    • Müəllif, Bridget Kendall
    • Vəzifə, Diplomatik müxbir, BBC News

Ukraynanın şərqində etirazlar ilk dəfə deyil ki, başlayır və elə də irimiqyaslı deyil – hər şəhərdə etiraz iştirakçıların sayı 1-2 mini üstələmir.

Lakin bu etiraz aksiyalarının daha yaxşı əlaqələndirirldiyi və idarə olunduğu hiss olunur.

Sual yaranır ki, həmin aksiyalar hansı məqsədlə və niyə indi keçirlir?

Ötən ay Krımda moskvapərəst etirazların nə sürətlə Rusiya ilhaqına çevrilməsi nəzərə alınarsa, bunun təkrarlana biləcəyindən ehtiyat edən Kiyev hökümətinin narahatlığı təəccüblü görünmür.

Etiraz aksiyalarının bəzi iştirakçıları şərqi Ukraynanın Kiyevlə münasibətlərini referendum yolu ilə müəyyən edilməsinə çağırış ediblər.

Moskva etiraz aksiyalarının sadəcə əhalinin istəyini əks etdirdiyini deyəcək, Ukraynanın gələcəyinin müəyyən edilməsində rusdilli regionlara daha çox hüquq tanınması üçün konstitusiya islahatı keçirlmək çağırışlarını dəstəkləyəcək.

Son həftələr ərzində bunu əsas diplomatik tələb kimi səsləndirmiş Moskva bu şərtin mayın 25-dək, Ukrayna prezident seçkiləri keçirilənədək qəbul olunmasını istəyir.

Ukrayna xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Lakin Kiyevdəki keçid hökümətinin şərqdə səslənən tələbin əhalinin istəyini əks etdiyinə və bunun Moskvadan idarə olunmadığına şübhəsi var.

Məqsəd Ukraynadan ayrılıb Rusiyaya birləşməyi şərqi regionlara asanlaşdırmaq üçün Kiyevi təzyiq altında saxlamaq yolu ilə mərkəzi hakimiyyətin nəzarətinin zəifləməsinə nail olmaqdan ibarətdir.

Əks halda Kiyevi şərqdə etirazların genişlənməsi və həmvətənlərini xilas etmək üçün Rusiyanın işə qarışacağı barədə prezident Vladimir Putinin hədələrinin reallaşacağı perspektivi gözləyir.

Moskva Qərbə qoşunlarının sərhədi keçməyəcəyi barədə vəd verdiyinə baxmayaraq, başqa imkan qalmasa Putin müdaxilə variantını işə sala bilər.

Təəccüblü deyil ki, Ukraynanın icraçı prezidenti Oleksander Turchınov xarici səfərini təxirə salaraq Kiyevdə təhlükəsizlik şurasının iclasını çağırıb..

Prezident Putinə rəsmi Kiyevin ölkənin şərq hissəsi üzərində nəzarəti itirdiyini deməsinə və “humanitar” səbəblər bəhanəsilə Rusiyanın Ukrayna ərazisinə daxil olmasına əsas verməmək üçün etirazları dayandırmaq, onların böyüməsinə və toqquşmaların şiddətlənməsinə yol verməmək Turchınov üçün həyati əhəmiyyət daşıyır.