İŞİD-in “Xorasan Vilayəti” qolu nədir?
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti yanvarın 27-də bildirib ki, Bakıdakı xarici səfirliyə terror hücumu planlaşdırmaqda şübhəli bilinən üç Azərbaycan vətəndaşını həbs edib.
Məlumata görə, onlar hücumu həyata keçirmək üçün özünü İŞİD adlandıran qrupun "Xorasan vilayəti" təşkilatı ilə əlbir olub və səfirliyə yaxınlaşarkən Azərbaycan təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.
"Vilayəti Xorasan"ın adı 2024-cü ildə azərbaycanlı iş adamı Araz Ağalarova məxsus, Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalına olan hücumda da hallanıb. Həmin hücumda 130-dan çox adam ölmüş, 150-dən çoxu yaralanmışdı.
Bəs, "Vilayəti Xorasan" nədir?
Özünü İslam Dövləti adlandıran qrupun Xorasan vilayəti adlandırılan qolu Əfqanıstanda yerləşir.
O, həm Əfqanıstan, həm də Pakistan cihadçılarını, xüsusən də öz təşkilatlarını kifayət qədər radikal hesab etməyən Taliban üzvlərini öz sıralarına cəlb edir.
Cənubi Asiyada Xorasan Vilayəti İŞİD-in ən aqressiv qollarından biri hesab olunur.
BMT-nin qiymətləndirməsinə görə, bu qrupun təxminən 2 min döyüşçüsü var və Tacikistan, Özbəkistan kimi digər Mərkəzi Asiya ölkələrindən də üzv toplamağa davam edir.
Qrupun Əfqanıstan vətəndaşlarını və ölkənin faktiki Taliban hakimiyyətinin üzvlərini hədəf alan hücumlar həyata keçirdiyi deyilir.
Xorasan Vilayəti-nin ötən illərdə qız məktəblərini, xəstəxanaları da hədəf aldığı bildirilir.



