Nipah virusu nədir?

Şəklin mənbəyi, Getty
- Müəllif, Aine Gallagher
- Vəzifə, BBC
Hindistanın Qərbi Benqal ştatında yerli bir epidemiyadan sonra rəsmilər Nipah virusunun yayılmasını məhdudlaşdırmaq üçün intensiv səylər göstərirlər.
Ayın əvvəlində iki tibb işçisinin virus səbəbilə xəstəxanada müalicə olunmasından sonra təxminən 110 nəfər karantinə alınıb. Bu şəxslər xəstələrlə təmasda olublar, lakin sonradan aparılan testlər mənfi nəticə verib.
Adətən,ölümcül olan Nipah virusu heyvanlardan insanlara keçə bilir. Virusun hələ də nə peyvəndi, nə də müalicəsi var.
Dünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunu Ebola, Zika və Covid-19 ilə yanaşı, qlobal epidemiya yaratma potensialına görə araşdırılması prioritet olan xəstəliklər siyahısına daxil edib.
Virus nə qədər təhlükəlidir və hansı simptomları var?
Nipah virusu nədir?

Şəklin mənbəyi, AFP
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu infeksiyası donuz və meyvə yarasası kimi heyvanlardan insanlara ötürülən "heyvan mənşəli xəstəlikdir".
O, həmçinin çirklənmiş qida ilə və yoluxmuş şəxsdən də keçə bilər.
Xəstəliklər demək olar ki, hər il Asiyanın bəzi bölgələrində, ilk növbədə Banqladeş və Hindistanda baş verir.
Yoluxmuş meyvə yarasalarının sidiyi və ya tüpürcəyi ilə çirklənmiş meyvə və ya meyvə məhsullarının (məsələn, çiy xurma şirəsi) istehlakı indiyədək baş vermiş infeksiyaların ən çox ehtimal olunan mənbəyi sayılır.

Şəklin mənbəyi, Getty Images
Simptomlar hansılardır?
İnsanda infeksiyalar asimptomatik infeksiyadan kəskin respirator infeksiyayadək (yüngül, ağır) və ölümcül ensefalitədək (beyin iltihabı) dəyişir. Yoluxmuş insanlarda tez-tez qızdırma, baş ağrısı, miyalgiya (əzələ ağrısı), qusma və boğaz ağrısı kimi simptomlar özünü göstərir.
Bunların ardınca başgicəllənmə, yuxululuq, şüurun pozulması və kəskin ensefaliti göstərən nevroloji simptomlar ola bilər.
Bəzi insanlar atipik pnevmoniya və kəskin tənəffüs simptomları da daxil olmaqla ağır tənəffüs problemləri ilə qarşılaşa bilərlər.
Ağır hallarda ensefalit və qıcolmalar baş verə bilər və bu hal 24-48 saat ərzində komaya gətirib çıxara bilər.
İnkubasiya dövrünün (infeksiyadan simptomların başlanmasına qədər olan dövr) dörd gündən 14 günə qədər çəkə bilər. Bununla belə, inkubasiya dövrünün 45 günədək davam edə bilməsi bildirilib.
Nipah-a yoluxanların 75 faizi bu virusdan ölür.
Peyvənd varmı?
Bu virus üçün heç bir peyvənd və ya müalicə yoxdur.
Müalicə simptomların tənzimlənməsi və dəstəkləyici terapiya ilə məhdudlaşır.
Əvvəlki epidemiyalar harada baş verib?
İlk Nipah epidemiyası Malayziyada 100-dən çox insanın ölümünə səbəb olub və həmin virusun yayılmasının qarşısını almaq üçün bir milyonadək donuzu məhv etmək lazım gəlib.
Virus ilk dəfə 1999-cu ildə aşkar edildiyi kəndin adını daşıyır.
Virus Sinqapura da yayıldı: Malayziyadan gətirilən donuzlarla təmasda olan sallaqxana işçiləri arasında 11 yoluxma və bir ölüm hadisəsi qeydə alınmışdı.
Son illərdə əsas zərbəyə Banqladeş məruz qalıb - orada 2001-ci ildən bəri 100-dən çox insanın Nipah virusundan öldüyü bildirilib.
Xəstəlik Hindistanda da vaxtaşırı özünü göstərib.
Nipah virusuna yoluxma halları 2018 və 2023-cü illərdə Kerala ştatının cənubunda qeydə alınıb.
ÜST bildirib ki, infeksiya riski olan digər ölkələr siyahısına Kamboca, Qana, İndoneziya, Madaqaskar, Filippin və Tayland daxildir, çünki bu ölkələrdə yarasalarda virus əlamətləri aşkar edilib.






