Turçinov: Rusiya xüsusi əməliyyatın ikinci mərhələsinə start verib

Turçinov

Şəklin mənbəyi, BBC World Service

Ukraynanın şərq bölgələrində baş verənlər Rusiyanın keçirdiyi xüsusi əməliyyatın ikinci mərhələsidir, Ukrayna prezidenti səlahiyyətlərini icra edən Oleksandr Turçinov bəyan edib.

"Məqsəd - sabitliyi pozmaq, höküməti devirmək, seçkilərə yol verməmək və ölkəmizi parçalamaqdır", - UNİAN agentliyi Turçinovu iqtibas edir.

Bazar günü Donetsk, Luqansk və Xarkov şəhərlərində rusiyapərəst fəallar vilayət administrasiyası və təhlükəsizlik idarəsi binalarını ələ keçirərək, binalar üzərində Rusiya dövlət bayraqlarını qaldırıblar. Aksiya iştirakçıları Ukraynanın şərq bölgələrində müstəqillik referendumlarının keçirlməsinə çağırıblar.

Bazar ertəsi günü Donetsk vilayət administrasiyasının binasını tutanlar toplantı keçirərək "Donetsk Xalq Respublikasının yaradılması barədə" bəyannamə qəbul ediblər və vilayətdə mayın 11-də referendum keçirilməsi barədə qərar qəbul ediblər.

"Antiukrayna planı"

Ölkənin şərqində baş vermiş hadisələrlə cənab Turçinov Litvaya səfərini təxirə salaraq güc nazirlikləri rəhbərlərinin iştrakı ilə təcili iclas toplayıb.

"Əlinə silah götürənlərlə terrorçu kimi rəftar ediləcək. Ölkənin şərq sərhədinin mühafizəsi gücləndirilib.", - cənab Turçinov bildirib.

Bundan bir qədər əvvəl isə Baş nazir Arseni Yatsenyuk ölkənin şərq bölgələrində xarici qoşunların müdaxiləsi planının həyta keçirildiyini bəyan etmişdi.

"Antiukrayna, antidonetsk, antiluqansk, antixarkov planları həyata keçirilir. Məqsəd sabitliyi pozmaq və xarici qoşunların sərhədi keçərək ölkəmizin ərazisini işğal etməkdir. Biz buna yol verməyəcəyik", cənab Yatsenyuk hökümətin iclasında bəyan edib.

DİN: Dinc üsüllardan istifadə oluncaq

Ukrayna daxili işlər naziri Arsen Avakov Facebook səhifəsində Xarkov vilayət administrasiyasının hüquq-mühafizə orqanları tərəfindən dinc vasitələrlə azad olunduğunu yazıb.

Lakin BBC-nin Xarkovdakı müxbiri binanın əvvəlkitək rusiyapərəst qüvvələr tərəfindən mühasirədə qaldığını, onların binanın daxilində də olduğunu xəbər verir.

Avakov iğtişaşların təşkilində prezident Vladimir Putini və devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviçi ittiham edib.

O, eyni zamanda Facebook səhifəsində yazıb ki, Ukrayna polisinə vəziyyəti nəzarət altına qansız, dinc üsüllarla almaq əmri verilib.

Bu arada Ukrayna Baş nazirinin birinci müavini Vitali Yarema son iki ay ərzində Ukraynanın müxtəlif şəhərlərində 320-dək separatçı aksiyanın keçirildiyini və həmin aksiyalarda 242 min adamın iştirak etdiyini bildirib.

Cənab Yaremanın sözlərinə görə, hüquq-mühafizə orqanları separatçılıq ittiihamı ilə açılmış 75 cinayət işi çərçivəsində istintaq aparır və 15 nəfər həbs olunub.

Luqansk şəhərində Təhlükəsizlik İdarəsi binasını tutan rusiyapərəst etirazçılar həmin həbs olunan adamların azadlığa buraxılmasını tələb ediblər.