Xarkov: Antiterror əməliyyatı zamanı 70 nəfər saxlanılıb

Şəklin mənbəyi, RIA Novosti
Xarkovda ötən gecə Ukrayna hüqyuq-mühafizə orqanları antiterror əməliyyatı keçirərək 70 nəfəri saxlayıb.
Saxlanılanlar separatçılıqda şübhəli sayılırlar, Ukrayna DİN rəhbəri Arsen Avakov öz Facebook səhifəsində qeyd edib.
Avakovun yazdığına görə, "əməliyyat silah işlətmədən keçirilib".
Keçən gecə, milis qüvvələri "antimaydan" fəallarını Xarkovdakı şəhər administrasiyası binasından çıxarmağa nail olublar. Şahidlərin sözlərinə görə, milis gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.
Etirazçılar isə, xəbərə görə, milisi daşa tutub və travmatik silahdan atəş açıb.
Rəsmi məlumatlara görə əməliyyat zamanı xəsarət alan olmayıb.
Ötən gün Donetsk şəhərində ukraynalı oliqarx Rinat Axmetov hüquq-mühafizə orqanlarının nümayəndələrilə etirazçılar arasında danışıqların keçirilməsində iştirak edib.
O bunu "Dontesk xalq respublikasının" təsis olunmasını elan etmiş nümayişçilərin tutduqları icra hakimiyyəti binasına milis qüvvələrinin hücum etməsinin qarşısını almaq üçün etdiyini deyib.
Bu arada Ukraynanın şərq və cənub bölgələrinə ötən gecə əlavə xüsusi təyinatlı milis bölmələri gətirilib.
Bundan əvvəl Rusiya XİN-i Ukrayna xüsusi təyinatlı milisi bölmələrinin yerdəyişməsilə bağlı narahatlıq bildirmişdi. Rusiya XİN-i hesab edir ki, hüquq-mühafizə orqanları qüvvələrinin şəxsi heyəti arasında "Sağ sektorun" da silahlı üzvləri var.
"Onlara ölkənin cənub-şərq bölgələri sakinlərinin, Kiyev rəsmilərinin siyasətinə etiraz bildirilməsinin qarşısını zor gücü hesabına almaq tapşırığı verilib" – Rusiya XİN-in Facebook səhifəsində qeyd olunub.
Ötən gecə Ukrayna milisi Xarkovda televizya qülləsini nəzarət altına alıb. Bundan əvvəl televiziya qülləsi rusiyapərəst fəallar tərəfindən ələ keçirilmişdi. Etirazçıllar Rusiya televiziya kanallarının yayımının bərpa edilməsini tələb edirdilər.




