Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu bildirir

Şəklin mənbəyi, AFP
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyəti Brüssel və Vaşinqtonla Moskvanın o şərtlə müzakirə etməyə hazır olduğunu bildirib ki, həmin danışıqlarda ölkənin cənub və şərq bölgələri də təmsil olunsun.
"Nəzərdə tutulmuş görüşdə Ukraynanın cənub və şərq bölgələrinin də iştirakının tərəfdarıyıq ", - Sergey Lavrov bugün Moskvada keçirilmiş mətbuat konfransında deyib.
Onun təbirincə, Ukrayna bölgələrini bu danışıqlarda "prezidentliyə namizədlər təmsil edə bilərdi".
Sergey Lavrov qeyd edib ki, ABŞ belə bir görüşün təxminən 10 gündən sonra keçirilə biləcəyini mümükün sayır.
Bundan əvvəl verilən xəbərə görə, ABŞ Dövlət Katibi John Kerry rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı yaxın günlərdə Rusiya, Ukrayna, ABŞ və Aİ-nin iştirakı ilə görüş keçirməyi təklif edib.
Rusiya XİN rəhbəri eləcə də Moskvanın ünvanına Ukraynanın cənub-şərqində kütləvi etiraz aksiyalarını güya maliyyələşdirdiyi barədə ittihamları rədd edərək xatırladıb ki, Ukraynada "Maydan" hadisələri başlayandan kütləvi aksiyların haradan maliyyələşdirildiyinə dair çoxsaylı məlumatların olmasına baxmayaraq, həmin məlumatlar indiyədək təkzib olunmamış qalır.
