Ukraynada böhran: Merkel Rusiyanın fəlakətə uğrayacağını düşünür

Şəklin mənbəyi, AFP
Rusiya tərəfi Ukraynada vəziyyəti nizamlamaq üçün tərəfdaş kimi hərəkət etmək əvəzinə bu ölkənin zəifliyindən istifadə edib, parlamentdə çıxışı zamanı Almaniyanın kansleri Angela Merkel bəyan edib.
Onun sözlərinə görə, Ukrayna böhranının hərbi həlli yoxdur və Rusiya Ukraynaya dair öz siyasətini dəyişməsə, böyük iqtisadi və siyasi zərər çəkmək təhlükəsi ilə üzləşə bilər.
“Rusiya son həftələr olduğu kimi hərəkət etməyə davam etsə, bu, tək Ukrayna üçün fəlakət olmayacaq”, - çıxışı zamanı Merkel deyib.
Xanım Merkel əlavə edib ki, Ukraynanın ərazi bütövlüyü “şübhə altına qoyula bilməz”.
Daha əvvəl Almaniyanın da daxil olduğu dünyanın ən inkişaf etmiş yeddi dövlət liderləri Rusiyanı Krımı özünə birləşdirmək üzrə hər hansı cəhdlərinə son qoymağa çağırıblar.
Böyük Yeddilərin bəyanatında deyilir ki, Rusiya belə bir addım atsa, onlar bundan sonra “fərdi və kollektiv şəkildə” tədbirlərə əl ata bilərlər.
G7-nin liderləri həmçinin bəyan ediblər ki, Krımın Ukraynadan ayrılıb Rusiyanın tərkibinə daxil olması məsələsi üzrə gələn bazar gününə təyin olunmuş referendumun nəticələrini tanımırlar.
Vaşinqtonda Ukraynanın baş naziri Arseni Yatsenyuku qəbul edən ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya Ukraynaya dair hazırda yeritdiyi siyasətindən dönməsə, Moskvanı məcbur etmək lazım gələcək ki, "zərərləri" hiss etsin.
Öz növbəsində Yatsenyuk bəyan edib ki, “Ukrayna Qərb dünyasının bir hissəsi olaraq qalacaq”.




