İranda etirazlara qatılanlar BBC-yə danışırlar: "Hər kəsin tanışları arasında ölənlər var"

Şəklin mənbəyi, WANA via REUTERS
- Müəllif, Soroush Negahdari və Ghoncheh Habibiazad
- Vəzifə, BBC
"Dostlarımın başına gələnlər mənim yaşadıqlarımdan fərqli deyil. Hamımızın tanışları arasında etirazlar zamanı həlak olanlar var", - yanvarın əvvəlində baş verən etirazların yatırılmasından danışan 29 yaşlı Tehran sakini deyir.
Parisa deyir ki, o, indiyə qədər nümayiş iştirakçılarına qarşı bu qədər amansız davranış görməyib. "Əvvəlki genişmiqyaslı etirazlar zamanı tanışlarım arasında bir nəfər belə ölməmişdi".
Parisa etirazların 28 dekabrda başlamasından bəri şəxsən tanıdığı azı 13 nəfərin öldürüldüyünü deyir.
Əvvəlcə Tehranda başlayan, daha sonra isə bütün ölkəni bürüyən etirazlara səbəb iqtisadi vəziyyətin pisləşməsi olub. Sonradan mitinqlər hökumət əleyhinə iğtişaşlara çevrilib və bu hadisələr İslam Respublikası tarixində ən qanlı etirazlardan biri sayılır.
Hüquq müdafiəçilərindən ibarət bir qrup öldüyü təsdiqlənənlərin sayının 6 mini keçdiyini açıqlayıb.
İnternetin demək olar ki, tamamilə kəsilməsinə baxmayaraq, BBC jurnalistləri ilə əlaqə qura bilən bir neçə gənc iranlı yaşadıqlarını bizimlə bölüşüb. Təhlükəsizlik səbəbi ilə onların adları dəyişdirilib.
Parisaya görə, onun tanışlarından biri - 26 yaşlı Tehran sakini yanvarın 8–9-da, hakimiyyətin etirazların güclənməsinə cavab olaraq ölümcül güc tətbiq etdiyi günlərdə küçədə "güllə yağışı"na düşərək həlak olub.
Parisa özü də həmin günlərdə Tehranın şimal hissəsində keçirilən etiraz aksiyasında iştirak edib. Onun sözlərinə görə, mitinq tamamilə dinc xarakter daşıyıb.
"Heç kim zorakılıq etmirdi və heç kim təhlükəsizlik qüvvələrinə qarşı çıxmağa çalışmırdı. Amma cümə günü [9 yanvar] axşamı onlar yenə də kütləyə atəş açdılar", - deyə o bildirib.
"Toqquşmaların baş verdiyi küçə və məhəllələrdə barıt qoxusu hiss olunurdu", - Parisa danışır.
Əslində nə qədər insan ölüb?
24 yaşlı Tehran sakini Mehdi etirazların miqyası və orada baş verən zorakılıqlar barədə Parisanın dedikləri ilə razılaşır.
"Mən nə vaxtsa etiraz hərəkatında bu qədər geniş iştirak və eyni zamanda, təhlükəsizlik qüvvələri tərəfindən bu qədər çox qətl və zorakılıq görməmişəm", - deyə o bildirib.

Şəklin mənbəyi, SOCIAL MEDIA via REUTERS
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Cümə axşamı [8 yanvar] baş verən qətllərə və cümə günü [9 yanvar] yeni qətllərin ola biləcəyi riskinə baxmayaraq, insanlar yenə də küçələrə çıxdılar. Çünki onların çoxu artıq buna dözə bilmirdi. İtirəcək heç nələri qalmamışdı", - deyə o əlavə edib.
Mehdi bildirib ki, o, təhlükəsizlik qüvvələrinin etirazçıları yaxın məsafədən dəfələrlə öldürdüyünü öz gözləri ilə görüb.
"Gənc bir oğlanı düz gözlərimin qarşısında iki döyüş patronu ilə vuraraq öldürdülər", - deyə o danışıb.
"Motosikletçilər ov tüfəngi ilə gənc oğlanın üzünə atəş açdılar. O, olduğu yerdə yıxıldı və bir daha qalxmadı", - Mehdi sözlərinə davam edib.
ABŞ-da yerləşən HRANA hüquq müdafiə təşkilatının məlumatına görə, etirazların başlanmasından bu yana azı 6159 nəfərin ölümü təsdiqlənib. Onlardan 5804-ü etirazçı, 92-si uşaq, 214-ü isə İran hakimiyyəti ilə əlaqəli şəxslərdir. Təşkilat, həmçinin daha 17 min ölüm xəbərini araşdırır.
HRANA-nın nümayəndəsi Skaylar Tompson BBC-yə bildirib ki, öldükləri təsdiqlənmişlərin sayı böyük ehtimalla daha da artacaq.
"Biz çalışırıq ki, təsdiqlədiyimiz hər bir ölüm qeydi [həlak olan şəxsin] ad və [onun öldürüldüyü] yer barədə məlumatları əhatə etsin", - deyə o əlavə edib.
Norveçdə yerləşən digər hüquq müdafiə təşkilatı - IHR - isə yekun qurban sayının 25 mini keçə biləcəyi barədə xəbərdarlıq edib.
Keçən həftə İran hakimiyyəti etirazlar zamanı 3100-dən çox insanın öldüyünü açıqlayıb, lakin iddia edib ki, onların əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşları və ya "iğtişaşçıların" hücumuna məruz qalmış təsadüfi şəxslərdir.
"Küçələrdə uşaqlar var idi və onları öldürürdülər"
Beynəlxalq medianın əksər nümayəndələrinə, o cümlədən BBC-yə, İran daxilində baş verən hadisələri işıqlandırmaq qadağandır.
Bununla belə, təhlükəsizlik qüvvələrinin kütləyə döyüş sursatı ilə atəş açmasını əks etdirən videogörüntülər BBC tərəfindən yoxlanılıb və təsdiqlənib.

Şəklin mənbəyi, AFP
Etirazlarda iştirak etmiş iranlı bir qadın BBC Newsnight proqramına bildirib ki, o, aksiyaların zorakılıqla dağıdılması zamanı "yerdə uzanan insanları" və öldürülən uşaqları görüb.
Londonda yaşayan 25 yaşlı Pərniya yanvarın əvvəlində ailəsini ziyarət etmək üçün İrana gedib.
Məhz həmin vaxt etirazlar kütləviləşərək bütün ölkəni bürüyüb. Onun sözlərinə görə, ailəsinin yaşadığı İsfahan şəhərində nümayişlər gücləndiyi anda o, yüzlərlə etirazçı ilə birlikdə hadisələrin "ön cəbhəsində" qalıb.
"Mən yerdə uzanan insanları gördüm. Qanı gördüm, - deyə o, gözyaşardıcı qaz buludundan qaçmağa çalışdığı anları xatırlayır. - Küçələrdə uşaqlar var idi və onları öldürürdülər. Yeddi, səkkiz yaşlı uşaqları".
27 yaşlı Tehran sakini Səhar isə bildirib ki, etirazların yatırılması zamanı onun tanışları arasında yeddi nəfər həlak olub.
Onun sözlərinə görə, yanvarın 8-də təhlükəsizlik qüvvələri taktikanı dəyişərək son dərəcə amansız üsullara əl atıblar.
Həmin axşam nümayişlər zamanı Səhar və dostları hüquq-mühafizə orqanlarının gözyaşardıcı qaz buraxmasından sonra yaxınlıqdakı bir evdə gizləniblər. "Dostum nə baş verdiyini görmək üçün pəncərədən baxdı və onun boynuna atəş açdılar", — deyə o danışıb.
Səharın sözlərinə görə, başqa bir dostu güllə ilə yaralanıb. Həbs edilmək təhlükəsinə görə xəstəxanaya getmədiyindən qan itkisindən ölüb.
Göz zədələri
Səhar bildirib ki, üçüncü dostu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH / KSIK) tərəfindən saxlanılma zamanı və ya saxlanıldıqdan sonra həlak olub.
"Onlar [əməkdaşlar] ailəsinə dedilər ki, SEPAH-ın kəşfiyyat idarəsinə gəlsinlər. Bir neçə gün sonra zəng edib dedilər: 'Gəlin və meyiti götürün'", - deyə qız danışır.
Səharın sözlərinə görə, yanvarın 9-da təhlükəsizlik qüvvələri etirazçılara qarşı döyüş patronlarından istifadə etməyə başlayıb.
"Onlar [təhlükəsizlik qüvvələri] insanlara lazer nişangahları yönəldirdilər, yerli sakinlər isə gizlənə bilməyimiz üçün qarajlarının qapılarını açırdılar", - deyə o bildirib.
Rabitənin kəsilməsi etirazçılar və onların yaxınları üçün daha bir ağır zərbə olub.
"Hazırda heç bir xəbər yoxdur, - Səhar deyir. - İnternet və telefon əlaqəsi olmadan insanların başına nə gəldiyini bilmirdik. Heç olmasa nəsə öyrənmək üçün güclə zəng edə bilirdik".

27 yaşlı Pərham bildirib ki, Tehranda etirazların dağıdılması zamanı təhlükəsizlik qüvvələri tez-tez ov tüfənglərindən atəş açır, mitinq iştirakçılarının üzünü və gözlərini nişan alırdılar.
Onun dostlarından biri, 23 yaşlı Sina, yanvarın 9-da alın nahiyəsindən və gözündən yaralanıb.
"Biz onu xəstəxanaya apardıq, amma həkim yalnız resept yazdı və bizə mümkün qədər tez oradan getməyimizi tapşırdı", - deyə Pərham danışıb.
Pərhamın sözlərinə görə, göz xəstəlikləri üzrə ixtisaslaşmış xəstəxanaya etirazlar zamanı göz zədəsi almış yeni xəstələr fasiləsiz gətirilirdi. "Elə bil hər 10 dəqiqədən bir yeni yaralı gətirirdilər", - deyə o bildirib.
Onun sözlərinə görə, xəstəxananın yaxınlığındakı kafedə çalışan bir qadın bir növbə ərzində "göz travması almış 70 nəfəri" saydığını deyib.
Alnında və gözünün yaxınlığında hələ də qəlpələr qalan Sina bildirib ki, dövlət xəstəxanasında ondan və dostlarından şəxsiyyət vəsiqəsinin nömrəsini tələb etdiklərinə görə onlar saxlanılmaqdan qorxublar. Bu səbəbdən özəl oftalmoloji klinikaya müraciət ediblər.
Sina deyib ki, o, xəstəxanada gördüyü digər xəstələrlə müqayisədə özünü nisbətən şanslı hesab edir. Onun sözlərinə görə, bir çoxlarının üzü və hər iki gözü qəlpələrdən ciddi şəkildə zədələnmişdi.
BBC Sinanın adına tərtib edilmiş tibbi sənədlə tanış olub. Sənəddə qeyd olunur ki, "onun gözünün arxasında ölçüsü 5 mm olan metal yad cisim mövcuddur".
BBC həmçinin ov tüfəngindən açılan atəş nəticəsində yaralanmış bir sıra digər etirazçıların tibbi qeydlərini də yoxlayıb və təsdiqləyib.
Həlak olmuş etirazçıları təhlükəsizlik əməkdaşı kimi təqdim etməyə çalışırlar
Etirazçılar və fəallar bildirirlər ki, hakimiyyət bir çox hallarda həlak olmuş etirazçıların cəsədlərini onların yaxınlarına təhvil verməkdən imtina edir.

Şəklin mənbəyi, EPA
Mehdinin sözlərinə görə, nümayişlər zamanı dostunun əmisi oğlu öldürülüb. Rəsmilər həlak olan şəxsin ailəsini seçim qarşısında qoyublar: ya meyitin təhvil verilməsi üçün böyük məbləğ ödəmək, ya da onun adının təhlükəsizlik qüvvələrinin həlak olmuş əməkdaşları siyahısına salınmasına razılaşmaq.
"Onlar dedilər: 'Ya ailəyə meyiti verməyimiz üçün 1 milyard tümən [7 min ABŞ dollarından çox] ödəyin, ya da onun "Bəsic" milis qüvvələrinin üzvü olduğunu və ictimai asayişi qoruyarkən öldüyünü deməlisiniz'", - deyə Mehdi danışıb.
İsfahan sakini olan 38 yaşlı Navid də bildirib ki, yaxın dostlarından ikisinin öldürülmüş qohumlarının ailələri oxşar ultimatumlarla üzləşiblər.
"Onlar deyirlər ki, ya meyit üçün bir neçə min dollar ödəməlisiniz, ya da mərhumun adına "Bəsic" milisinin üzvü olduğunu göstərən vəsiqə veriləcək və onun adı həlak olmuş təhlükəsizlik əməkdaşları siyahısına salınacaq", - deyə Navid bildirib.
Hüquq müdafiə təşkilatları izah edir ki, bu yolla hakimiyyət həm etiraz aksiyalarında iştirak edənlərin ailələrini cəzalandırmağa, həm də etirazçılar arasında ölənlərin real sayını gizlətməyə çalışır.







