Ukrayna ABŞ və Britaniyadan hərbi dəstək istəyib

ukraine_protest_putin

Şəklin mənbəyi, AP

Ukrayna parlamenti 1994-cü ildə ölkənin ərazi bötüvlüyünün qarantı qismində çıxış edərək Budapeşt memorandumunu imzalamış ABŞ, Britaniya və Rusiyaya müraciət edib.

Ali Radanın bəyanatında Rusiya qoşunlarının yeridilməsi nəticəsində Krımda vəziyyətin pisləşdiyi qeyd olunur.

Nüvə tərksilahı əvəzində Kiyevə 1994-cü ildə verilmiş təminatlara istinad edən Ali Rada London və Vaşinqtonu diplomatik, siyasi, iqtisadi və hərbi tədbirlərdən istifadə edərək Ukraynanın ərazi bütövlüyünü təmin etməyə çağırıb.

Ukrayna eləcə də Rusiyaya müraciət edərək yarımadadadan qoşunlarını çıxarmağa və təcavüzə son qoymağa çağırıb.

Kollektiv sanksiyalar

Bununla yanaşı Ali Rada Krım parlamentindən martın 16-da referendum keçirmək və yarımadanı Rusiyaya birləşdirmək niyyətindən imtina etməyi tələb edib.

Ukrayna parlamentinin bəyanatında deyilir ki, Krımda referendumun keçirilməsi Ukrayna Konstitusiyasına ziddir.

Rada Krım sakinlərini 16 mart referendumunda iştirak etməməyə çağırıb.

Bu arada Londonda Britaniya, Avropa İttifaqı (Aİ) və ABŞ rəsmiləri görüşərək Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi və Krıma qoşunların yeridilməsi səbəbindən xarici bank hesabları dondurulacaq Rusiyalı yüksək rütbəli şəxslərin siyahısının tutulması məsələləri müzakirə ediblər.

Prezident Putin Ukrayna hökumətilə birbaşa danışıqlara razılıq verməyəcəyi halda sanksiya qərarı rəsmi olaraq martın 17-də (Krım referendumunun səhərisi günü) Brüsseldə Aİ Xarici İşlər nazirlərinin görüşündə elan ediləcək.

Britaniya XİN-də keçirilən görüşə eləcə də İsveçrə, Yaponiya, Türkiyə və Kanada nümayəndələrinin də qoşulacağı gözlənilir.

Avropa İttifaqı sanksiyaları ABŞ ilə birgə həyata keçirmək niyyətindədir.

Bu arada isə prezident Obama Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasında rolu olmuş şəxslərin bank hesablarının dondurulması barədə artıq müvafiq göstəriş verib.

Bir neçə gün qalıb

Britaniyanın Baş naziri David Cameron parlament qarşısında danışarkən sanksiyalara məruz qalmamaq üçün Rusiyanın cəmi bir neçə günü qaldığını qeyd edib.

Britaniya hökumət nümayəndələrinin sözlərinə görə, gələn həftə Aİ nazirlərinin görüşünədək Moskvadan cavab alınmayacağı təqdirdə, Rusiyaya qarşı sanksiya rejiminə “avtomatik olaraq start veriləcək”.

Bundan əvvəl isə ABŞ Dövlət Katibi John Kerry, Moskva ABŞ-ın təkliflərini müzakirə etməyə razılıq verməyənə qədər, prezident Putinlə görüşməyəcəyini dilə gətirib.

John Kerry rusiyalı həmkarı Sergey Lavrova Moskvanın Krımda hərəkətlərinin danışıqlar imkanını çətinləşdirdiyini bildirib.

ATƏT müşahidəçiləri

Bu arada ATƏT bildirib ki, Ukraynanın xahişi ilə, ATƏT müşahidəçiləri ölkənin cənub və şərq bölgələrinə səfərlərini davam etdirirlər.

Gözlənildiyinə görə ATƏT nümayəndələrinin Ukraynaya səfəri martın 16-dək davam edəcək.

ATƏT bundan əvvəl müşahidəçilərinin Krım ərazisinə buraxılmadığını qeyd edib.

Bazar ertəsi Krım parlamenti jurnalistlərə Krım respublikasının Ali Sovetinin rəsmi olaraq ATƏT müşahidəçilərini martın 16-da keçiriləcək referenduma dəvət edildiklərini bildirib.

Bununla bağlı ATƏT-də BBC-yə bildiriblər ki, dəvətnaməni almayıblar, lakin hətta dəvətnamə gəlsəydi də belə onu qəbul etməyəcəydilər, çünki səsvermənin gedişini izləmək üçün müşahidəçiləri yalnız ATƏT üzvü olan dövlət göndərmək hüququna malikdir, Krımın isə belə bir statusu yoxdur.