Krımla bağlı G7-dən Rusiyaya xəbərdarlıq

Ukrayna əsgərləri

Şəklin mənbəyi, Reuters

Böyük Yeddilər ölkələrinin liderləri Rusiyanı Krım regionunun “zəbtinə” yönələn bütün səyləri dayandırmağa səsləyiblər.

Əks təqdirdə, Böyük Yeddilər qrupu “fərdi və kollektiv şəkildə əlavə addımlar”ın atılacağını bildirir.

G7 Krımın müqəddaratını müəyyən edəcək martın 16-a təyin edilmiş referendumun nəticələrinin tanınmayacağını bəyan edib.

Bu arada Ukraynanın milli təhlükəsizlik qurumunun rəhbəri Ukrayna sərhədlərinə Rusiya qüvvələrinin cəmləşdirildiyini bildirib.

Andiy Parubiy deyib ki, Rusiya ötən ay Ukraynanın şərq və cənub bölgələrilə hənmsərhəd ərazilərdə keçirdiyi hərbi təlimlərdən sonra öz qüvvələrini geri çəkməyib.

"Rusiya ordusu Kiyevdən cəmi iki-üç saatlıq məsafədə durur”, rəsmi deyib.

Krım xəritə

Onun sözlərinə görə, Ukrayna ordusunun birləşmələri “istənilən istiqamətdən gələn hücumu qarşılamaq üçün” mövqelərə yerləşdirilib.

Çərşənbə günü Prezident vəzifəsini icra edən Aleksandr Turçinov Ukraynanın Krıma hərbi müdaxilə etməyəcəyini deyib.