Krım böhranı: ABŞ və Aİ Rusiyanı sanksiyalarla hədələyir

Şəklin mənbəyi, getty
ABŞ və Avropa İttifaqı cümə axşamı Rusiyanın ünvanına yeni təhdidlərlə çıxış edərək Rusiya hakimiyyətini bir daha beynəlxalq hüquqları pozmaqda və Ukraynaya hərbi müdaxilədə ittiham ediblər.
ABŞ və Aİ rəsmi Kiyevin mövqeyinə qoşulub bəyan ediblər ki, Krım hakimiyyəti tərəfindən <link type="page"><caption> Rusiyaya birləşmək üzrə martın 16-na təyin olunmuş referendum</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140306_crimea_joins_russia.shtml" platform="highweb"/></link> Ukrayna Konstitusiyasına "zidd və qeyri-qanuni"dir.
Prezident Barack Obama Ağ Evdə mətbuat qarşısında bəyan edib ki, hazırkı durumda Krım referendumu “Ukrayna Konstitusiyasını və beynəlxalq hüququ pozur”. O, Vaşinqtonla müttəfiqlərinin eyni mövqeli olduqlarını vurğulayıb.
Obamanın ardınca Ukrayna durumuna dair ABŞ dövlət katibi John Kerry bəyanat verib. “Biz yol verə bilmərik ki, Rusiya və ya hər hansı bir ölkə beynəlxalq qanunu cəzasız pozsun”, John Kerry Romada mətbuat konfransında deyib.
“Krım Ukraynanın bir hissəsidir”, Krımın Rusiyaya birləşməsi üzrə referendum elanı haqqında suala cənab Kerry belə cavab verib.
“Referendum məzhəkədir”
Bu bəyanatlardan az əvvəl Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov xalqa televiziya ilə müraciətində elan edib ki, Krım hakimiyyətinin referendum haqqında qərarını ləğv edəcək. Cənab Turçinov Krımda hazırlanmaqda olan referendumu “məzhəkə” adlandırıb.
Cənab Turçinov Ukrayna Konstitusiyasının 73-cü maddəsinə istinad edib. Bu maddədə bildirilir ki, dövlət sərhədləri ilə bağlı məsələlər ümumukrayna referendumunda həll olunmalıdır.

Şəklin mənbəyi, AP
Ukrayna Təhlükəsizlik Xidməti Krım Ali Sovetinin muxtariyyətin RF tərkibinə daxil olması haqqında qərarı ilə bağlı istintaqa başlayıb.
Deputatlar Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.
Bu arada, Brüsseldə Avropa İttifaqının Ukraynada böhranlı vəziyyətə həsr olunmuş fövqəladə sammiti keçirilib.
Bir sıra Aİ üzvü ölkələri münaqişənin diplomatik həllinə üstünlük verdiklərinə işarə ediblər. BBC müxbiri Chris Morris xəbər verir ki, Avropa ölkələrinin Rusiyaya dair sərt sanksiyalar üzrə razılığa gəlməsi çətindir.
Sanksiyalar diplomatiyanın keşiyində
Lakin, BBC müxbiri Matthew Price Brüsseldən xəbər verir ki, Ukraynadakı vəziyyətin müzakirə olunan Aİ görüşündə Avropa liderlərinin bəyanatlarının tonu günün əvvəlində gözlənildiyindən daha sərt olub.
Onun sözlərinə görə, Aİ, faktiki olaraq Rusiya barəsində üç mərhələdə sanksiyalar tətbiq edir.
Brüssel artıq Rusiya vətəndaşlarına viza, o cümlədən, səyahət üçün sadələşdirilmiş qaydadan imtina etdiyini bəyan edib.
İkinci mərhələ - Ukraynada vəziyyətin gərginləşməsində məsuliyyət daşıyan Rusiya vəzifəli şəxslərinin ünvanına tədbirlərdir: bu adamlar üçün vizaların ləğv edilməsi və onların Avropa banklarında hesablarının dondurulması.
Və, nəhayət, sanksiyaların üçüncü mərhələsi Moskvanın Krım ərazisindən xaric öz nəzarət zonasını genişləndirmək qərarına gəlməsi təqdirdə tətbiq ediləcək. Bu halda Rusiya barəsində iqtisadi və ticarət sanksiyaları ehtimal olunur.
Aİ bəyanatında deyilir: “Rusiyanın Ukraynada vəziyyətin sabitsizləşdirilməsi üzrə hər hansı gələcək addımları... geniş iqtisadi tədbirlər spektrini ehtiva edən, ciddi və uzaq gedən nəticələrə gətirə bilər”.
Almaniya Kansleri Angela Merkel sammitdən sonra bəyan edib ki, əgər Rusiya Ukrayna vəziyyəti üzrə dialoqa razı olmasa, Aİ viza məhdudiyyəti tətbiq etməyə və qeyri-qanuni hərəkətlərdə təqsirkar vəzifəli şəxslərin hesablarını dondurmağa hazır olacaq.
Onun sözlərinə görə, Krımda Rusiyaya birləşməsi haqqında referendum keçirmək qərarı qeyri-qanunidir. "Bunun, bizim demokratiya bildiyimiz anlayışa heç bir aidiyyəti yoxdur” , Merkel deyib.
"Biz vəziyyəti diplomatik yolla həll etmək istərdik, danışıqların gedişindən məyusuq. Biz problemin diplomatik həlli üçün əlimizdən gələni etməyə hazırıq, lakin bu, alınmasa, Aİ sanksiyalar tətbiq etməyə hazırdır”, Kansler xəbərdar edib.
London Yanukoviçin hesablarını dondurur
Bu arada, Qərbin tətbiq etdiyi bəzi sanksiyalar hərəkət etməyə başlayıb.

Şəklin mənbəyi, Getty
Cümə axşamı ABŞ, deyildiyi kimi “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təhdid edən” Ukrayna və Rusiya məmurları üçün bir sıra viza məhdudiyyətləri tətbiq edib.
Britaniya Maliyyə Nazirliyinin saytında isə bank hesabları və Britaniya <link type="page"><caption> aktivləri dondurulacaq Ukrayna vətəndaşlarının siyahısı</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/03/140306_eu_ukraine_sanctions.shtml" platform="highweb"/></link> açıqlanıb.
Siyahıda 18 nəfərin, o cümlədən, hakimiyyətdən kənar edilmiş Viktor Yanukoviçin və onun övladları Viktor və Aleksandrın, sabiq baş nazir Nikolay Azarovun və onun oğlu Alekseyin, bir neçə keçmiş nazirlərin və Ukraynanın keçmiş baş prokuroru Viktor Pşonkanın adları vardır.




