Krım: Moskvanın Ukrayna avantürası

Şəklin mənbəyi, AP
- Müəllif, Jonathan Marcus
- Vəzifə, BBC-nin müdafiə təhlilçisi
Krım hadisələri hamımızın gözü qabağında sürətlə Rusiya ilə Qərb arasında 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra ən ciddi münaqişəyə çevrilməkdədir.
O müharibə Gürcüstanın məğlubiyyəti, Rusiyanın Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti ələ keçirməsi ilə nəticələndi. Daha sonra Moskva bu bölgələri müstəqil dövlət kimi tanıdı. Əslində Cənubi Osetiya ilə Abxaziya Rusiya protektoratları oldu.
O zaman Qərb, qəti pisləməsinə baxmayaraq, kənar biganə müşahidəçi olaraq qaldı. Lakin Krım faciəsi potensialına görə başqa miqyaslı münaqişədir.
Krımda qarşıdurma Moskva və Kiyev arasında tammiqyaslı münaqişəyə çevrilsə, nəticələri qabaqcadan duyulmaz olar.
Ən pis halda bu, Ukraynada şiddətli vətəndaş müharibəsi, Avropa sərhədlərində sabitsizlik və Vladimir Putinin Qərblə münasibətlərinin ciddi mürəkkəbləşməsi deməkdir və öz növbəsində beynəlxalq siyasətin - Suriyadan tutmuş İran nüvə proqramına kimi – müxtəlif sahələrində vəziyyəti ağırlaşdıra bilər.
Rusiyanın davranışının nə dərəcədə qabaqcadan duyulması maraqlıdır: sanki ssenarisi sovet dövründən sonrakı dərslikdən götürülüb.
Siyasi ritorika (Rusiya azlıqlarına, pravoslav icmalara təhdidlər haqqında söz-söhbət və s.), iqtisadi təzyiqlə hədələmə (Rusiya-Ukrayna sərhədində yeni rüsumların tətbiq edilməsi) və aşkar hərbi əməliyyatlar...
Hərbi müdaxilə
Krımda hərbçilərin hərəkətə gətirilməsi şübhə doğurmur. Formaları üzərində fəqlənmə nişanı olmayan hərbçilər inzibati binaları ələ keçirir, lakin onların silahı, maşınları və davranışı onların Moskvanın əmri ilə hərəkət edən peşəkar hərbçi olduğunu göstərir.
Hazırda Rusiyanın Krıma soxulmasının mümkünlüyündən söz-söhbət gedir, lakin əslində Rusiya artıq qismən yarımadanı öz nəzarəti altına alıb.
Sevastopolda mənzillənən Qara Dəniz donanmasının hərbi gücü Rusiyaya orada yerləşən Ukrayna hərbi hissələrinin müqavimətini qırmağa imkan verir. Üstəlik, son günlər, göründüyü kimi, Rusiya hərbçilərinin köməyinə kiçik xüsusi bölmələrdən ibarət yeni qüvvələr daxil edilib.
Rusiya parlamentinin yuxarı palatası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib, lakin bir çox ekspertlər bunun həqiqətənmi prezident Putinin real perspektivi, yaxud yeni Ukrayna hökumətinə təzyiq etmək məqsədilə xəbərdarlıq olduğundan əmin deyillər.
Təhlükə ondan ibarətdir ki, Moskvanın döyüşkən ritorikası rusiyameylli əhval-ruhiyyələrin hökm sürdüyü Ukraynanın şərq hissəsində münaqişələrə sövq edə bilər.
İğtişaşlar və zorakılıq Rusiya hərbçilərinin əlinə mütləq hərəkət etmək üçün bəhanə verər, hərçənd çox ehtimal ki, burada müdaxilə dəhşətli vətəndaş müharibəsinə gətirər.
Risklər

Şəklin mənbəyi, Getty
Rusiya prezidentinin hərəkətlərini Rusiyanın qonşuları ilə keçmiş münaqişələri baxımından qabaqcadan duyulan adlandırmaq olar, lakin digər tərəfdən heyrət doğurur.
Bu siyasət, iqtisadiyyatı neftin və qazın dünya qiymətlərindən asılı olan Rusiya üçün böyük risklər kəsb edir və energetika bazarında qiymətlərin dəyişməsi ona son dərəcədə mənfi təsir edər.
Rusiya sanballı diplomatik oyunçu kimi dünya səhnəsinə ilk növbədə öz Suriya böhranında mühüm (eyni zamanda ziddiyyətli) rolu sayəsində qayıdıb.
Öz beynəlxalq imicini təhlükə altına almağa Putin hazırdırmı? Ukrayna ətrafında münaqişə soyuq müharibə əlamətləri ilə əks-səda verə bilər, lakin bunun fonunda adi bir həqiqəti anlamaq lazımdır: Ukrayna iqtisadiyyatı ölkənin keçmiş rəhbərliyinin səhvləri və oğurluqları ucbatından iflas həddindədir.
Ölkənin miqyaslı xarici iqtisadi yardıma ehtiyacı var. Rusiya təkbaşına belə yardım təmin edə bilməz. O [Ukrayna], Rusiya iqtisadiyyatının boynundan asılmış daş olardı.
Məhdud variantlar

Şəklin mənbəyi, AFP
İstənilən iqtisadi qərarlar beynəlxalq maliyyə təsisatları və Qərb hökumətlərinin iştirakı ilə qəbul olunmalıdır. Belə siyasət Moskva ilə müəyyən əməkdaşlıq tələb edir, lakin hələlik Moskva tərəfindən xoş məram siqnalları müşahidə olunmur.
Avropa liderləri və Vaşinqton tərəfindən Rusiyanın tənqid edilməsinə dair söz-söhbətlərə baxmayaraq, bu ölkələr qısamüddətli perspektivdə, narazılıq israr etməkdən başqa, çox az şey edə bilərlər.
ABŞ prezidenti Barak Obama Ukraynaya istənilən hərbi müdaxilənin Rusiyaya baha oturacağını vurğulayıb. Lakin Vaşinqton üçün cavab hərəkətləri variantları məhduddur.
Bu böhran Obamanın müxtəlif administrasiyalarının Rusiya ilə necə yeni münasibətlər qurmaq cəhdlərini əyani nümayiş etdirir.
Obamanın birinci prezidentlik müddətində Moskva ilə “perezaqruzka”nın iflasa uğramasını onun yenidən seçildikdən sonra xoşagəlməz ziddiyyətləri və ikitərəfli münasibətlərdə böhranı aradan qaldırmaq cəhdləri əvəz edib.
Obamanın Soçi Olimpiya Oyunlarına getməmək qərarını çoxları Rusiyada homoseksualların haqlarının tapdalanmasının pislənməsinə işarə kimi qiymətləndirib.
Vaşinqton və Avropa İttifaqı yeni Ukrayna hökumətinə daha geniş dəstək təşkil etməyə çalışa bilərlər.
Lakin Rusiyanın maraqlarını müdafiə etmək və Ukraynanın siyasi gələcəyinin formalaşmasında Moskvanın mühüm rolunu təmin etmək cəhdində hamıdan qabaq Rusiya prezidenti addım atmalıdır.




