Prezident Tramp əslində neçə müharibəyə son qoyub?

- Müəllif, Jake Horton, Nick Beake
- Vəzifə, BBC Verify
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı və "sülh prezidenti" başlığı verdiyi postda "cəmi 8 ayda 8 müharibəyə son qoyduğunu" iddia edib.
Onun "sona çatdırdığını" dediyi müharibələr siyahısına son olaraq İsrail və Həmas arasında iki il davam etmiş münaqişə də əlavə olunub.
Digər yeddi münaqişə isə bunlar olub:
İsrail-İran, Pakistan-Hindistan, Ruanda-Konqo Demokratik Respublikası ,Tailand- Kamboca, Ermənistan-Azərbaycan, Misir-Efiopiya, Serbiya-Kosovo.
Bu münaqişələrdən bəziləri cəmi bir neçə gün davam edib, lakin onların arxasında uzunmüddətli gərginliklər dayanırdı. Hətta bunlardan birində ümumiyyətlə döyüş əməliyyatları da olmayıb.
Bundan əlavə, bəzi sülh razılaşmalarının uzunmüddətli olub-olmayacağı da hələlik qeyri-müəyyəndir.
BBC Verify münaqişələrə daha yaxından baxıb və prezidentin onların bitməsində nə dərəcədə rol oynadığını araşdırıb.
İsrail və HƏMAS
Prezident Tramp İsrail və Həmas arasında əldə olunan atəşkəs razılaşmasındakı roluna görə çoxlu tərif eşidib.
Bu razılaşma İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsini də əhatə edib.
Lakin davamlı sülh üçün hələ də bir sıra çətin məsələlərin həllinə ehtiyac var. Bunlara Həmas-ın silahdan imtina etməsi və Qəzzada yeni bir hökumətin qurulması daxildir.
Brukings İnstitutunun müdafiə və xarici siyasət üzrə eksperti Maykl O'Hanlon bu barədə deyir: "Bu, böyük, amma son dərəcə kövrək bir nailiyyətdir".
Onun sözlərinə görə, Tramp İsrailə əvvəlki ABŞ liderlərindən daha çox təzyiq göstərməyə hazır olduğu üçün müəyyən qədər tərifə layiqdir.
"Ancaq bu yalnız birinci mərhələdir və iki dövlətli həll yoluna nail olmaq daha da çətin olacaq. Əgər bunu bacarsa, o və bu prosesdə əsas rol oynayan hər kəs gələcəkdə Nobel Sülh Mükafatına layiq görülə bilər", – deyə o əlavə edir.

Şəklin mənbəyi, Reuters
İsrail və İran
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
12 gün davam edən münaqişə 13 iyun tarixində İsrailin İranda hədəflərə zərbələr endirməsi ilə başladı.
Prezident Tramp zərbələrdən əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən məlumatlandırıldığını təsdiqlədi.
ABŞ İranın nüvə obyektlərinə zərbələr endirdi - bu addım münaqişənin sürətlə sona yaxınlaşmasına səbəb olan əsas faktor kimi qiymətləndirildi.
23 iyun tarixində Tramp sosial şəbəkədə belə yazdı: "Rəsmi olaraq, İran ATƏŞKƏS-ə başlayacaq və 12-ci saat tamam olduqda İsrail ATƏŞKƏS-ə başlayacaq, 24-cü saatda isə 12 GÜNLÜK MÜHARİBƏNİN rəsmi SONU bütün dünya tərəfindən alqışlanacaq".
Döyüş əməliyyatları başa çatdıqdan sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin "həlledici qələbə" qazandığını israrla bildirdi.
Bununla belə, İsrail sonradan yeni təhdidlərin qarşısını almaq üçün İrana yenidən zərbə endirə biləcəyini də istisna etməyib.
Brukings İnstitutunun eksperti Maykl O'Hanlon bu barədə deyir: "Daimi sülh barədə və ya İranın nüvə proqramına gələcəkdə necə nəzarət ediləcəyi ilə bağlı heç bir razılaşma yoxdur.
Ona görə də hazırda gördüyümüz şey müharibənin bitməsi deyil, faktiki atəşkəsdir. Amma yenə də ona müəyyən qədər haqq vermək olar, çünki İsrailin ABŞ-ın dəstəyi ilə İranı zəiflətməsi strateji baxımdan əhəmiyyətli olub".

Şəklin mənbəyi, AFP via Getty Images
Pakistan və Hindistan
Bu iki nüvə silahlı ölkə arasında gərginlik illərdir mövcuddur.
Lakin may ayında, Hindistanın nəzarətində olan Kəşmirdə baş verən hücumdan sonra açıq toqquşmalar başladı.
Dörd gün davam edən zərbələrdən sonra Tramp Hindistan və Pakistanın "TAM VƏ DƏRHAL ATƏŞKƏS" barədə razılığa gəldiyini açıqladı.
O bildirdi ki, bu razılaşma "ABŞ-ın vasitəçiliyi ilə aparılan uzun gecə danışıqları" nəticəsində əldə olunub.
Pakistan Trampa təşəkkür etdi və daha sonra onun "həlledici diplomatik müdaxiləsini" əsas gətirərək Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü.
Hindistan isə ABŞ-ın rolunu kiçiltməyə çalışdı. Ölkənin xarici işlər naziri Vikram Misri dedi:
"Hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar Hindistan və Pakistan arasında, iki ölkənin orduları arasında mövcud kanallar vasitəsilə birbaşa aparılıb".
Ruanda və Konqo Demokratik Respublikası
Bu iki ölkə arasında uzun illərdir davam edən düşmənçilik, ilin əvvəlində M23 üsyançı qrupunun Konqonun şərqindəki minerallarla zəngin əraziləri ələ keçirməsindən sonra yenidən alovlandı.
İyun ayında Ruanda və Konqo Demokratik Respublikası Vaşinqtonda onilliklərdir davam edən münaqişəyə son qoymağı hədəfləyən sülh sazişi imzaladılar. Tramp bu razılaşmanın həmin ölkələrlə ABŞ arasında ticarətin artmasına kömək edəcəyini bildirdi.
Saziş mətnində 2024-cü ilin avqustunda Ruanda və KDR arasında razılaşdırılmış atəşkəsə "hörmət edilməsi" çağırışı yer alır.
Son razılaşmadan sonra tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham ediblər. Böyük Britaniya və ABŞ-ın Ruanda ilə əlaqələndirdiyi M23 üsyançı qrupu isə sülh danışıqlarından geri çəkilə biləcəyi ilə hədələyib.
İnsan Hüquqları üzrə Watch (Human Rights Watch) təşkilatının məlumatına görə, iyul ayında üsyançı qrup Konqo Demokratik Respublikasının şərqində ən azı 140 nəfəri, o cümlədən qadın və uşaqları öldürüb.
Oksford Universitetində dərs demiş tarix professoru Marqaret Makmillan deyir: "Konqo ilə Ruanda arasında hələ də döyüşlər gedir – yəni həmin atəşkəs heç vaxt real şəkildə qüvvəyə minməyib".

Şəklin mənbəyi, Getty
Tailand və Kamboca
26 iyul tarixində Tramp Truth Social platformasında paylaşım edərək yazıb: "Hazırda davam edən müharibəni dayandırmaq və ATƏŞKƏS əldə etmək üçün indi Tailandın müvəqqəti baş naziri ilə əlaqə saxlayıram".
Bir neçə gün sonra, sərhəddə bir həftədən az davam edən döyüşlərdən sonra iki ölkə "dərhal və qeyd-şərtsiz atəşkəs" barədə razılığa gəldi.
Sülh danışıqlarına Malayziya ev sahibliyi edib. Lakin Prezident Tramp Tailand və Kamboca döyüşləri dayandırmasa, ABŞ-ın tətbiq etdiyi rüsumların (idxal vergilərinin) azaldılması ilə bağlı ayrı-ayrı danışıqları dayandırmaqla hədələyib.
Hər iki ölkə ABŞ-a ixracdan ciddi şəkildə asılıdır.
7 avqust tarixində Tailand və Kamboca ortaq sərhəd boyunca gərginliyin azaldılmasına yönəlmiş bir razılaşma əldə etdilər.
Ermənistan və Azərbaycan
Hər iki ölkənin lideri 8 avqust tarixində Ağ Evdə elan olunan sülh razılaşmasının əldə edilməsində göstərdiyi səylərə görə Prezident Trampın Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bildiriblər.
Brukings İnstitutunun eksperti Maykl O'Hanlon deyir: "Düşünürəm ki, burada o, kifayət qədər ciddi nüfuz qazanır – Oval kabinetdə keçirilən imzalama mərasimi tərəfləri sülhə daha da yaxınlaşdırmış ola bilər".

Şəklin mənbəyi, Getty
Mart ayında hər iki hökumət təxminən 40 il davam edən, əsasən Dağlıq Qarabağın statusu ətrafında cəmlənən münaqişəyə son qoymağa hazır olduqlarını bəyan etmişdilər.
Son illərin ən ciddi döyüşləri 2023-cü ilin sentyabrında baş verib. Həmin vaxt Azərbaycan etnik ermənilərin yaşadığı əraziləri nəzarətə götürüb.
Misir və Efiopiya
Bu halda prezidentin sona çatdıracağı bir "müharibə" olmayıb, lakin Nil çayı üzərində tikilən su anbarı səbəbilə tərəflər arasında uzun illərdir gərginlik var.
Efiopiyanın Böyük Efiopiya Dirçəliş Su Anbarı (GERD) bu yay tamamlanıb. Misir isə Nil çayından əldə etdiyi suyun azalacağından narahatdır.
12 illik fikir ayrılıqlarından sonra Misirin xarici işlər naziri 29 iyun tarixində Efiopiya ilə danışıqların dalana dirəndiyini bildirib.
Tramp deyib: "Əgər mən Misir olsaydım, Nilin suyunu istəyərdim".
O, ABŞ-ın bu məsələni çox tezliklə həll edəcəyinə söz verib.
Misir Trampın açıqlamalarını müsbət qarşılayıb, lakin Efiopiya rəsmiləri bunun gərginliyi daha da alovlandıra biləcəyini bildiriblər.
Misir və Efiopiya arasında fikir ayrılıqlarını aradan qaldıran rəsmi razılaşma hələ əldə olunmayıb.
Serbiya və Kosovo
27 iyun tarixində Tramp Serbiya ilə Kosovo arasında mümkün hərbi qarşıdurmanın qarşısını aldığını iddia edərək deyib: "Serbiya və Kosovo döyüşməyə hazırlaşırdı, böyük bir müharibə ola bilərdi. Mən dedim ki, döyüşsəniz, ABŞ-la ticarət olmayacaq. Onlar da dedilər: bəlkə də döyüşmərik".
Bu iki ölkə arasında mübahisə 1990-cı illərin Balkan müharibələrindən qalma bir irsdir və son illərdə gərginlik artmaqdadır.
Tarix professoru Marqaret Makmillan BBC-yə deyib: "Serbiya və Kosovo bir-birinə qarşı döyüşməyib və atəş açmayıb, ona görə də bu, sona çatdırılmış bir müharibə sayıla bilməz".
Ağ Ev bizi Trampın birinci prezidentlik dövründəki diplomatik səylərinə yönləndirdi.
İki ölkə 2020-ci ildə Oval kabinetdə Prezidentin iştirakı ilə iqtisadi normallaşma sazişləri imzalayıb. Lakin həmin vaxt da onlar müharibə vəziyyətində deyildilər.




