Ukrayna lideri "separatçılıq" təhlükəsi barədə xəbərdarlıq edib

Turçınov

Şəklin mənbəyi,

Şəklin alt yazısı, Turçınov yeni "xalq" höküməti yaratmaq istəyir

Ukraynanın aralıq Prezidenti Aleksandr Turnıçov Prezident Yanukoviçin qovulmasından sonra ölkədə separatçılıq təhlükəsi barədə xəbərdarlıq edib.

Bu arada Ukraynanın rusdilli regionları Kiyevdəki yeni administrasiyaya qarşı çıxmağa davam edir.

Ölkədə milli birlik höküməti formalaşdırılması cümə axşamınadək təxirə salınıb.

Eyni zamanda cənab Yanukoviçin keçmiş köməkçilərindən biri olan Andriy Kliuyevin güllələnməsi və yaralanması barədə məlumatlar yayılıb.

Məlumata görə, cənab Kliuyev keçmiş prezidentə istefa ərizəsini verəndən sonra Krımdan Kiyevə qayıdarkən onun maşını hücuma məruz qalıb. Sözçüyə istinadən məlumat verilir ki, onun həyatı təhlükə altında deyil.

Parlamentə müraciətində cənab Turçınov deyib ki, böyük rus icmaları olan regionlarda separatçılıq təhlükəsini müzakirə etmək üçün hüquq-mühafizə orqanları ilə görüş keçirəcək. Separatçılıq "ciddi təhlükədir", o deyib.

Milli birlik höküməti barədə elan əlavə müzakirələrə imkan yaratmaq üçün təxirə salınıb, cənab Turçınov deyib və əlavə edib ki, "milli inam koalisiyası seçilməlidir".

Ali Rada, Yanukoviç və Haaqa məhkəməsi

Bundan əvvəl Ali Rada Haaqa Beynəlxalq Məhkəməsindən Viktor Yanukoviç və Ukraynanın digər yüksək rütbəli rəsmilərini insanlığa qarşı cinayət törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb etməyi xahiş edib.

Söhbət noyabrın 21-dən fevralın 22-dək Ukrayna vətəndaşlarının dinc etiraz aksiyaları zamanı öldürülməsindən gedir.

Haaqa Məhkəməsinə ünvanlanmış müraciətin lehinə 324 deptat səs verib.

Ukrayna parlamenti Beynəlxalq Haaqa Məhkəməsinin səlahiyyətini tanıyıb və məhkəməyə müraciət edərək Viktor Yanukoviçin, sabiq DİN başçısı Vitali Zaxarçenkonun, keçmiş Baş prokuror Viktor Pşonkanın cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib.

Rada adı çəkilən şəxlərlə yanaşı cinayətkar əmrlər verən və yerinə yetirən rəsmiləri də məsuliyyətə cəlb etməyi xahiş edib.

Bu arada Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov koalisiya hökümətinin cümə günü təsdiq olunacağını bəyan edib.

Qüvvəyə yenidən minmiş 2004-cü ilin Konstitusiyasına əsasən Ali Radada parlament koalisiyası formalaşdırılmalıdır.

Parlament koalisiyası prezident səlahiyyətlərini icra edən Oleksandr Turçinova yeni Baş nazirin namizədliyini təklif edəcək.

Həmin namizədi dövlət başçısı Ali Radanın təsdiqinə təqdim etməlidir.

Turçınov milli birlik höküməti yaradır

Ukraynanın yeni müvəqqəti lideri Oleksandr Turçinov milli birlik höküməti formalaşdırılması məqsədilə məsləhətləşmələr aparır.

Cənab Turçinov yeni koalisiya hökümətinin "xalq höküməti" olacağını vəd edib.

Ukraynada yeni, "xalq" hökümətinin formalaşdırılmasına prezident Yanukoviçin devrilməsindən cəmi bir neçə gün keçdikdən sonra başlanılıb, amma hökümət barədə elan cümə axşamına qədər təxirə salınıb.

Ötən gün Rusiya Yanukoviçin devrilməsinə indiyədək ən sərt reaksiyasını verərək, Qərbyönlü yeni Ukrayna rəhbərliyinin legitimliyini sual altına alıb.

Rusiya Baş naziri Dmitri Medvedev Ukraynada "silahlı qiyamın" baş verdiyini deyib.

Bu arada yüksək rütbəli Qərb diplomatları Kiyevdə Ukraynanın yeni müvəqqəti rəhbərlərlərilə danışıqları davam etdirirlər.

Bu danışıqların məqsədi Ukrayanaya Qərbin dəstəyinin göstərilməsi yollarını müzakirə etməkdən ibarətdir.

Aİ Xarici Siyasət rəhbəri Catherine Ashton Kiyevdə Ukraynanın yeni liderlərinə Qərbin siyasi və maliyə dəstəyilə bağlı məsələləri müzakirə edir.

Ötən gün Catherine Ashton Kiyevdə müvəqqəti prezident Turçınovla danışıqlar aparıb və Kiyevin Müstəqillik Meydanına baş çəkib.

Qərb yardım edəcək

Yüksək rütbəli ABŞ rəsmiləri, o cümlədən, Dövlət Katibinin müavini William Burns Kiyevdə Aİ rəsmilərinə qoşularaq siyasi, biznes və vətəndaş cəmiyyəti liderlərilə 2 gün davam edəcək məslətləşmələrdə iştirak edəcəklər.

Kiyevin mərkəzində Müstəqillik meydanında - Maydanda - minlərlə insan qalmaqdadır.

ABŞ Ukraynanın yeni müvəqqəti rəhbərliyini hələ tanımasa da, eyni zamanda ABŞ Dövlət Departamenti rəsmisi Yanukoviçin daha ölkəyə "fəal rəhbərlik etmədiyini" bildirib.

Bu arada Ukraynanın yeni rəhbərləri yoxa çıxmış Viktor Yanukoviç haqqında həbs qərarı veriblər.

Daxili işlər naziri səlahiyyətlərini icra edən Arsen Avakov deyib ki, devrilmiş prezidentə qarşı "dinc vətəndaşların kütləvi qətli" ittihamı əsasında cinayət işi açılıb.

Viktor Yanukoviç son dəfə əhalisinin əksəriyyəti ruslardan ibarət olan Krımda, Balaklava məntəqəsində görünüb.

Bu arada Kiyevdə istintaq əməliyyatlarında iştirak edən Britaniyalı müstəntiqlər BBC-ə bildirirblər ki, onlar Kiyevdə ötən cümə axşamı günü baş verən qanlı hadisələrə görə kimin məsuliyyət daşımasının müəyyən edilməsinə kömək göstərirlər.

Onların sözlərinə görə, toplanan dəlil və faktlardan məhkəmədə istifadə olunacaq.

Britaniyalı müstəntiqlər kimin göstərişilə Ukraynaya gəldiklərini açıqlamaqdan imtina edərək, bunun "həssas siyasi məsələ" olduğunu vurğulayıblar.