Kiyev mərkəzində qarşıdurma: ölənlərin sayı artır

Şəklin mənbəyi, Getty
Kiyevdə minlərlə etirazçının konstitutiya dəyişiklikləri tələbi ilə nümayişləri davam edir.
Polis və aksiya iştirakçıları arasında qarşıdurma nəticəsində ən azı 25 nəfər ölüb, Səhiyyə nazirliyi bildirib.
Kiyev mərkəzində zorakı hadisələrə görə prezident Viktor Yanukoviç müxalifət liderlərini ittiham edib.
Müxalif fəallar deyib ki, hökümət bu etiraz nümayişlərini "görünməmiş amansız"lıqla dağıtmağa çalışır.
Avromaydanda nə baş verir?
Səhər tezdən Meydan səhnəsindən "Kiyev, qalx" şüarları səslənib. Lakin əraziyə bir neçə min vətəndaş toplanıb.
BBC Ruscanın müxbiri Yuriy Maloveryan xəbər verir ki, adi vaxtlarda daha çox etirazçı meydana toplanırdı.
"Maydanda bu səhər qismən sakitlikdir. Lakin hər şey alt-üst vəziyyətdədir və ərazini qara duman bürüyüb. Xüsusi qarşıdurma nəzərə çarpmır", BBC müxbiri Daniel Sandford qeyd edir.
Onun sözlərinə görə, Həmkarlar İttifaqı binası yandığına görə, daha müxalifətin mənzil qərargahı yoxdur.
"Polis Meydanın yarısını ələ keçirib", BBC Ruscanın müxbiri Oksana Vojdayeva deyir.
Etirazçılarsa Avromaydanda barrikada qurmaqla məşğuldur. Barrikadalar böyük olmasa da, iş davam edir.
Bütün meydan tüstü bürüyüb.
Həmkarlar İttifaqının yanan binasından 41 nəfər evakuasiya edilib. 7 nəfər xərəkdə, dördü isə qaldırıcı vasitəsilə qurtarılıb, Ukrayna Fövqəladə Hallar Nazirliyi deyir.
Binanın 4 və 5-ci mərtəbələri tam yanıb.
DİN-in bəyanatında deyilir ki, yanğına səbəb "Sağ sektoru" hərəkatı üzvlərinin binada silah və partlayıcı maddə gizlətməsi ola bilər.
Hadisə
Bazar ertəsi hökümətə qarşı nümayişlərlə bağlı əfv qanunun qüvvəyə minməsinə cavab olaraq fəallar hökümət binalarını tərk etməli idi.
Lakin çərşənbə axşamı parlamentdə hökümət dəstəkçiləri prezidentin səlahiyyətlərini azaldacaq qanunun geri qaytarılmasına etiraz edib.
Belə qarşıdurma sonradan Avromaydana qədər yayılıb, polis gözyaşardıcı qaz və səs bombaları ilə etirazçıları geri çəkməyə cəhd edib.
Müxalifətlə gecə danışıqları "nəticəsiz" bitdikdən sonra prezident Yanukoviç müxalifət liderlərini "radikal güc tətbiq etməkdən uzaqda durmağa" çağırıb.
Onun sözlərinə görə, münaqişəni saxlamaq üçün "gec deyil".
Səhiyyə Nazirliyi bildirib ki, 8 nəfər xəstəxanada həyatını itirib. Onlardan biri "Vesti" qəzetinin jurnalisti olub. 4 nəfər Daxili İşlər Nazirliyinin xəstəxanasında, 13 nəfərin meyiti isə Avromaydandan tibbi ekspertiza üçün gətirilib.
241 nəfər isə müxtəlif zədələrlə xəstəxanaya yatırılıb. Onlardan 79-u polis və 5-i jurnalistdir.
Ukrayna DİN açıqlayıb ki, Kiyev iğtişaşları qurbanlarının "radikallar" tərəfindən öldürülməsi ehtimal edilir. Çünki hüquq-mühafizə əməkdaşları odlu silahdan istifadə etmir.
Şahidlər sosial şəbəkələrdə yazır ki, Kiyevə gedən yollar hələ də rəsmi olaraq bağlıdır.
Bəzi yollarda Dövlət Yol Polisi avtomobilləri gözə dəyir. Yolları əsasən qum təpəcikləri ilə bağlayıblar və avtomobillər yalnız tək-tək hərəkət edə bilir.
Ukraynada gərginlik ötən ilin noyabrında, Yanukoviç, Avropa İttifaqı ilə assosiasiya sazişi və azad ticarət haqqında danışıqlar aparmaqdan imtina etdiyi və Rusiya ilə kredit almaq haqqında razılığa gəldiyindən sonra başlayıb.




