Ukrayna: müxalifət Ali Radaya etiraza başlayır

Şəklin mənbəyi, Reuters
Ukrayna paytaxtı Kiyevdə nümayişçilər Ali Radaya etiraz edir.
Müxalifət Parlamentdən dərhal 2004-cü ilin Konstitusiyasının bərpası üçün səsvermə keçirilməsini istəyir.
BBC Ukraynaca Xidmətinin müxbiri deyir ki, Ali Radanın mərkəzi qapısı istisna olmaqla, bütün qapılar içəridən yoğun dəmir məftillərlə bağlanıb.
Zalda isə müxalifət tribunanı ələ keçirib.
Parlament binasının yanında yerləşən Mariinski parkında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanır.
BBC Ukraynaca Xidmətinin müxbiri xəbər verir ki, polis vətəndaşlara qarşı gözyaşardıcı qaz və səs bombasından istifadə edir, Berkut da hücuma keçir.
Parkda səsgücləndirici ilə bildirilib ki, bir nəfər üçün təcili həkim axtarılır. Güman edilir ki, onun "qolu çıxıb".
Bir az əvvəl müxbir bildirib ki, Şelkoviçnıy küçəsində polis etirazçılara səs bombası atır, etirazçılarsa səkiləri dağıdaraq daş tullayır.
2004-cü ilin Konstitusiyasının bərpa edilərsə, bu, Yanukoviç hakimiyyətinin məhdudlaşdırılmasına və növbədənkənar prezident seçkilərinin keçirilməsinə gətirib çıxara bilər.




