Ukrayna: həbs edilmiş mitinq iştirakçıları azad olunub

Etirazçı

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Ukrayna müxalifəti bazar günü geniş mitinqin keçiriləcəyini elan edib.

Ukrayna hakimiyyəti amnistiya üzrə qərara əsasən noyabr ayından bəri davam edən mitinqlərdə həbs edilən fəalların hamısını azad edib.

Şərtlərə görə müxalifət ələ keçirdiyi binaları azad etməli və barrikadaları sökməlidir.

Əks təqdirdə azad olunmuş şəxslərə dair rəsmi ittihamlar qüvvədə qalacaq.

Azad olunanların bəziləri ev həbsi altında qalacaq.

Ötən ilin noyabrında Rusiya ilə daha yaxın əlaqələrə üstünlük verən prezident Yanukoviçin Avropa İttifaqı ilə siyasi və ticarət sazişindən imtinası ölkə boyu etirazlara təkan verib.

Müxalifət amnistiya şərtlərinin tam yerinə yetiriləcəyini vəd etməyib.

Cümə günü Ukrayna prezidenti ölkədəki böhranın dinc həllinə ümid etdiyini deyib.

“Mən hər-hansı qərarın radikal yolla qəbul olunmasını istəmirəm. Məm dövlətin qoruyub saxlanılmasını, sabit inkişafın bərqərar olmasını istəyirəm”, Viktor Yanukoviç İnter telekanalına bildirib.

Ukrayna lideri özünün güzəştə getdiyini deyərək böhranın həlli naminə müxalifəti də güzəştə getməyə çağırıb.