Ukrayna məsələsilə bağlı Rusiya ilə Qərbin mübahisəsi

Şəklin mənbəyi, Reuters
Münhendə keçən təhlükəsizlik konfransında Rusiya nümayəndəsi Avropa İttifaqını Ukrayna məsələsində ikili standartda ittiham edib.
Mübahisə doğuran Avropa İttifaqı sədrinin çıxışı olub. Herman Van Rompuy deyib ki, "Ukraynanın gələcəyi Avropa İttifaqı ilədir".
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ukraynadakı zorakı etirazlara Avropa İttifaqının dəstəyini sual edib.
Moskva xəbərdarlığında Avropa İttifaqı ilə digər Qərb dövlətlərini Ukraynanın daxili işlərinə qarışmamağa səsləyib.
Müxalifət
Konfransda iştirak edən Amerikanın dövlət katibi ilə Ukrayna müxalifətinin liderləri kəskinləşən siyasi böhranın çözüm yollarını müzakirə edəcəklər.
Kofrans proqramından kənar görüşdən əvvəl John Kerry deyib ki, Ukrayna müxalifətinə prezident Obama və Amerika xalqının dəstək olduğunu bildirəcək.
Ağ Ev Ukraynaya qarşı mümkün sanksiyaların müzakirə edildiyini təsdiqləyib.
BBC müxbiri Duncan Crawford hökumət əleyhinə etirazların səngiməsinə dair əlamətlərin nəzərə çarpmadığını bildirir.
Onun Kiyevdən göndərdiyi son reportajında deyilir ki, 9 gün bundan əvvəl oğurlanaraq işgəncələrə məruz qalan etirazçı Dmitri Bulatovun başına gələnlər hiddət və narahatlıq yaratmaqda davam edir.
Yardım proqramı
Cənab Bulatovun məsələsi ABŞ dövlət katibilə Ukrayna müxalifət liderlərinin müzakirə mövzularından birini təşkil edir.
John Kerry ilə görüşdən əvvəl Ukrayna müxalifətinin aparıcı liderlərindən Arseniy Yatsenyuk Qərbdən daha çox köməyin gözlənildiyini deyib.
"Ölkədə siysai və iqtisadi vəziyyəti sabitləşdirmək naminə Ukraynanın fövqəladə vəziyyətə yox Marshall planına ehtiyacı var”, - John Kerry deyib.
Marshall planı İkinci Dünya Müharibəsindən sonra Amerikanın Avropaya yardım proqramı olub.
Ukraynada etirazlar noyabr ayında prezident Yanukoviçin Avropa İttifaqı ilə müqavilədən imtina etməsi ardınca başlaylb.




