Ukrayna “vətəndaş müharibəsi həddinə” çatıb

Şəklin mənbəyi, AP
Müstəqil Ukraynanın ilk prezidenti etirazçıların əvf olunması ilə bağlı parlament müzakirələrinin əvvəlində xəbərdarlıqla çıxış edib.
1991-1994-cü illərdə prezident olmuş Leonid Kravçuk amnistiya məsələsinə “böyük məsuliyyətlə” yanaşmağa səsləyib.
Prezident Viktor Yanukoviç deyib ki, şərti olaraq əvf qərarı dövlət idarələrinin yerləşdiyi binaları tərk edən və barrikadaları sökənlərə aid olmalıdır.
İndiyə qədər müxalifət şərtsiz amnistiya və yeni seçkilər tələb edib.
Bir neçə aydır ki, davam edən etirazlardan sonra çərşənbə axşamı Baş nazir Nikolay Azarov və kabineti istefa verib.
Parlament həmçinin qalmaqallı anti-etiraz qanununu ləğv edib.
Etirazlar noyabrda, prezident Yanukoviçin Aİ ilə assosiasiya müqaviləsini imzalamasından sonra Rusiyadan 15 milyard dollarlıq maliyyə yardımını qəbul etməsinə görə başlayıb.
Kiyevdə deputatlar etirazçılar üçün amnistiyanı müzakirə edəndən bir neçə saat əvvəl Ağ Ev bildirib ki, çərşənbə axşamı vitse-prezident Joe Biden məsələni müzakirə etmək üçün Prezident Yanukoviçlə telefonla danışıb.
Ağ Ev deyib ki, cənab Biden "bu gün edilən irəliləyişi" alqışlayıb və cənab Yanukoviçi anti-etiraz qanunlarını ləğv etməyə çağırıb.




