Ukrayna: Baş nazir və kabineti istefa verib

Nikolay Azarov

Şəklin mənbəyi, kmu.gov.ua

Şəklin alt yazısı, Azarov kompromis naminə istefaya çıxdığını bildirib.

Ukrayna Prezidenti Viktor Yanukoviç Baş nazir Mykola Azarov və kabinetinin istefasını qəbul edib.

Çərşənbə axşamı cənab Azarov "Ukraynanın birliyi və vahidliyini qorumaq" üçün istefa ərizəsini təqdim etmişdi.

Bundan az öncə Ukrayna parlamentinin böyük əksəriyyəti qalmaqallı anti-etiraz qanununu ləğv etməyə səs verib.

Qanun iki həftə bundan əvvəl qəbul edilmiş və ötən həftə qüvvəyə minmişdi.

Etirazçılara dəbilqə geyinməyi və ictimai binalara blokada qoymağı yasaqlayan qanuna görə anti-hökümət etirazları daha da qızışıb.

"Mühüm olan Ukraynanın birliyi və vahidliyini qorumaqdır. Bu şəxsi ambisiyalar və planlardan üstündür. Məhz buna görə mən qərar qəbul etmişəm", - cənab Azarovun ərizəsində yazılıb.

Amnistiya

Parlamentdə qanunu ləğv etmək barədə növbədənkənar səsvermə 361-2 səs çoxluğu ilə qəbul olunub.

Bir gün öncə prezident Yanukoviç müxalifətlə qanunların ləğvi və amnistiya barədə razılaşıb.

Bununla belə, parlamentin müxalif fraksiyasını təmsil edən “Batkivşina” partiyasının lideri Arseniy Yatsenyuk hökümətə rəhbərlik etməkdən, Vitaliy Kliçko isə prezident Yakukoviçin humanitar məsələlər üzrə baş nazir müavini olmaqdan imtina edib.

“Mən özümü Yanukoviçin hökümətində görmürəm. Bu məsələni mən dərhal müzakirə etməkdən imtina etdim. Mənimlə hökümətdə işlə bağlı danışmağın mənası yoxdur. Hətta bu məsələni qaldırmaq belə mənasızdır”, Kliçko jurnalistlərə deyib.

Prezident Yanukoviçin “UDAR” siyasi partiyasının lideri Vitaliy Kliçko , “Batkivşina” fraksiyasının rəhbəri Arsenit Yatsenyuk və “Svoboda” fraksiyasının rəhbəri Oleq Tyaqnibokla bazar ertəsi keçirilən görüşü dörd saat davam edib.

Ədliyyə naziri Yelena Lukaşın sözlərinə görə, görüş əsnasında prezident və müxalifət liderləri birlikdə amnistiya haqqında qanunun qəbulu haqda prinsipial razılığa gəliblər.

“Amnistiya yollarda və yerlərdə tutulanların (mitinq iştirakçıları) hamısının azadlığa çıxacağı halda qüvvəyə minəcək”, Lukaş deyib.

Ali Rada tərəfindən yanvarın 16-da qəbul edilən qanunlar bütün ölkə boyu etiraz dalğasının yayılmasına səbəb olub. Ukrayna müxalifət liderləri bu qanunların ləğvinə israr ediblər.

ABŞ, Avropa Şurası və hüquq müdafiə təşkilarları qəbul edilən qanunlarla bağlı narahatlıqlarını ifadə ediblər, Avropa Birliyi cənab Yanukoviçi onlara yenidən baxmağa çağırıb.

Ashton Kiyevə gedir

AŞ-nın xarici siyasət üzrə yüksək rütbəli təmsilçisi Catherine Ashton planlaşdırıldığından iki gün əvvəl - çərşənbə axşamı Kiyevə gələcək.

O, Ukraynada böhranın nizamlanması üzrə AŞ-nın vasitəçilik etdiyi prosesdə iştirak etməyə hazırlaşır.

“Böhranın həllinin yeganə yolu siyasidir. Təcili gələcək fəaliyyətlər üçün münasibətlərdə yeni konsensus yaratmaq üçün əsl dialoqa ehtiyac var”, Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Ashton həmçinin Ukraynada fövqəladə vəziyyətin elan ediləcəyi barədə məlumatlara görə narahatlığını ifadə edib.

“Bu, heç kimə xeyir gətirməyən gərginliyin davamlı artmasına təkan verə bilər. Mən həmçinin müxalifət liderlərini zorakılığa əl atanlardan uzaqlaşmağa çağırıram”, UNIAN agentliyi xanım Ashtondan sitat gətirir.

Şənbə günü müxaliflərlə görüşündə Yanukoviç Yatsenyuka, razılaşdığı halda Nikolay Azarovun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərərək onun hökümətə rəhbərlik etməyini təklif edib.

Cənab Yakunoviç həmçinin konstitusiyanın dəyişdirilməsinə razılıq verib və parlamentli respublikaya keçid üçün işçi qrupun yaradılmasına hazır olduğunu bəyan edib.

Yuliya Timoşenko “Batkivşina” partiyasının mətbuat xidməti tərəfindən yayılan müraciətində danışıqların şərtlərini “alçaldıcı” adlandıraraq müxalifət liderlərini onları qəbul etməməyə çağırıb.

Etirazlar davam edir

Etiraz aksiyasının iştirakçıları və polis arasında Kiyevin mərkəzində toqquşmalar davam edir.

Milli müqavimət qərargahı polislərin mülki geyimlilərlə birgə Zaparojye, Dnepropetrovsk, Çerkas və Sumaxda kobud güc və silahla vətəndaşların dinc etirazlarını dağıtması barədə bəyanat yayıb.

Son sutka ərzində Kiyevdə nisbətən sakitlik olub.

Müxalifətin məlumatına görə, ölkədə qanunsuz həbslər, etiraz edənlərin sırasından girovlar ələ keçirilir.