Ukrayna: etirazçılar Ədliyyə Nazirliyini "tərk edib"

Şəklin mənbəyi, Reuters
Ukraynada anti-hökümət etirazçıları deyirlər ki, ədliyyə naziri onları fövqəladə vəziyyət elan etməklə hədələdikdən bir neçə saat sonra nazirliyi tərk ediblər.
Etirazçıların sözçüsü deyib ki, onlar hakimiyyəti qızışdırmaq istəməyiblər.
BBC müxbiri təxminən 30 etirazçının hələ də binanın qarşısında olduğunu və heç kimi içəri buraxmadığını bildirib.
Ukraynada aylarla davam edən böhran kəskinləşdikcə təhlükəsizlik işçilərilə etirazçılar arasında qarşıdurmalar çoxalır.
Daha əvvəl fövqəladə vəziyyət elan edəcəyi barədə xəbərdarlıq edən ədliyyə naziri Olena Lukash yerli mediaya demişdi ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasından tədbirlər həyata keçirməyi xahiş edəcək.
Etirazçılar Kiyevdə nazirliyin binasını bazar günü tutmuşdular və bayırda qarla dolu kisələrdən barrikada qurmuşdular.
Üsyanlar Ukrayna boyunca yayılmaqdadır və fəallar bəzi şəhər və rayonlarda bələdiyyə binalarını ələ keçirirlər.
Ədliyyə Nazirliyinin binası
Bazar günü mərkəzi Ukraynanın bir çox regionlarında, bir sıra şəhərlərdə yerli icra hakimiyyətinin inzibati binalarının ələ keçirilməsi ilə müşayət olunan kütləvi etirazlar keçirilib.
"Spilna sprava" Hərəkatının üzvləri bazar günü axşam Kiyevin mərkəzində olan Ukraynanın Ədliyyə Nazirliyinin binasını ələ keçirib, təşkiların lideri Aleksandr Danilyuk məlumat verib.
"Spilna sprava" fəalları tərəfindən Ədliyyə Nazirliyinin Qorodets 13 ünvanında yerləşən binası tutulub”-özünün Facebook səhifəsində yazıb.
“Udar” partiyasının lideri Vitaliy Kliçko nazirliyin binasını ələ keçirən fəallarla söhbətləşsə də, onlar binanı tərk etməkdən imtina etmişdilər.
“Mən binanı ələ keçirənlərdən onu boşaltmağı xahiş etdim. Təəssüf ki, onlar bundan imtina etdilər”, nazirliyin binasından çıxan Kliçko demişdi.
Ukraynanın ədliyyə naziri Olena Lukaş isə binanı dərhal boşaltmağı tələb edib.
Bundan öncə "Spilna sprava" fəalları aqrar siyasət və istehsal, energetika və kömür sənayesi nazirliklərinin binasını ələ keçiriblər.
Bazar günü Ukraynanın bir çox şəhərlərində, o cümlədən Sumı, Dnepropetrovsk və Zaparojyedə “Avromaydan” hərəkatını dəstəkləyənlərin kütləvi aksiyaları keçirilib.




