Kiyev: Ukrayna evində müxalifətin mətbuat mərkəzi yerləşəcək

Şəklin mənbəyi, Reuters
Kiyevin mərkəzində etirazçılarla polis arasında qarşıdurma davam edir.
Bu arada Ukrayna müxalifəti liderlərinin prezident Viktor Yanukoviçin ötən gün etirazçılar düşərgəsinə etdiyi hökümətdə mühüm vəzifələr tutmaq barədə təklifini nəzərdən keçirdikləri barədə xəbər verilir.
Beləki, Ukrayna prezidenti müxalifətçi Batkivşina partiyasının lideri Arseni Yatsenyuka Baş nazir vəzifəsini, UDAR partiyasının lideri Vitali Kliçkoya isə Baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib.
Batkivşina partiyasının lideri Arseniy Yatsenyuk əvvəlçə sosial şəbəkələrdə Yanukoviçin təklifini qəbul etmədiyini bildirsə də, onun sonrakı bəyanatları məsələyə hələ son nöqtənin qoyulmadığı təssəvvürünü yaradır.
Yatsenyukun və digər müxalifətçilərin söylədikləri Ukrayna müxalifətinin rəsmi Kiyevlə dialoqunun davam edə biləcəyi ehtimalından xəbər verir.
Bu arada Kiyevin mərkəzində qarşıdurma davam etməkdədir.
Ötən gecə etirazçılar Kiyevin mərkəzində, Avropa meydanında yerləşən Beynəlxalq sərgi mərkəzi binasını ələ keçiriblər. Həmin bina şəhər sakinləri arasında "Ukrayna evi" adı ilə tanınır.
Bundan əvvəl binanı 200-dək Ukrayna DİN Daxili Qoşunlarının 200 hərbiçisi tərk edib.
Etirazçılar elan edib ki, Ukrayna evində "Avromaydanın" mətbuat mərkəzi yerləşəcək.
Ukrayna müxalifəti liderlərindən Vitali Kliçko isə bildirib ki, qarətçilik hallarının qarşısını almaq üçün etirazçılardan ibarət mühafizə dəstələri formalaşdırılacaq.




