Kiyev Maydan böhranının çözümünə MDB-ni "cəlb etməyəcək"

Kiyev

Şəklin mənbəyi, Reuters

Kiyev MDB ölkələri və qurumlarını Ukraynadakı böhranın çözülməsinə cəlb etmək "niyyətində deyil".

Bu bəyanatla Minskdə yerləşən Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında Ukraynanın MDB əlaqələndirmə institutları yanında səlahiyyətli nümayəndəsi İvan Buneçko çıxış edib.

Ukrayna bu il yanvarın 1-dən MDB-də sədrlik etməyə başlayıb.

“Kiyev hadisələri bizim MDB-də sədrlik və əməkdaşlıq planlarımıza təsir etmək gücündə deyil. Mən 2004-cü ilin Maydanının şahidi olmuşam. Biz 47 milyonuq. İndi Kiyev küçələrində bu sayda adam yoxdur. Bu dəfəki hadisələr sistemli deyil. Ukrayna öz problemlərini özü həll etmək gücündədir”, İvan Buneçko deyib.

Bu arada MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev Ukraynadakı hadisələrlə bağlı narahatlığını bildirib.

“Biz çox ümid edirik ki, bu hadisələr müvəqqəti səciyyə daşıyır və Ukrayna rəhbərliyi vəziyyəti çözə biləcək”, Sergey Lebedev deyib.