Ukrayna: prezident Yanukoviç müxalifətlə dialoqa "hazırdır"

Ukrayna paytaxtında keçən gecə ərzində hökümət əleyhinə mitinq iştirakçıları ilə polis arasında toqquşmalar davam edib.

İğtişaşlar nəticəsində hər iki tərəfdən yaralananlar var, 70-dən çox adam xəstəxanalara yerləşdirilib.

Ukrayna prezidenti Viktor Yanukoviç zorakı toqquşmalardan sonra Avropa İttifaqını dəstəkləyən etirazçılarla və müxalifət liderlərilə danışıqlar aparmağa razılaşıb.

O bildirib ki, dərinləşən böhranı həll etmək üçün komissiya yaradılacaq. Müxalifət liderləri bu məlumatı təsdiqləyib.

ABŞ və Aİ zorakılığa son qoyulmasına və təcili siyasi danışıqlara çağırıb.

Müxalifət blokuna daxil olan “UDAR” partiyasının rəhbəri Vitali Kliçko ölkədə vəziyyətin vətəndaş müharibəsi həddinə çatdığını bildirib.

Toqquşmalar gedişində etirazçılar polisə dəyənəklərlə hücum edib, Molotov kokteyli dolu şüşələr atıb, polis isə qaz və səs qumbaralarından və su şırnaqlarından istifadə edib.

Ukrayna DİN-i iğtişaşların 10 ən fəal iştirakçısını həbs etdiyini bildirib.

ABŞ: sanksiyalar nəzərdən keçirilir

Bu arada Ağ Ev nəzdində fəaliyyət göstərən ABŞ Milli Təhlükəsizlik Şurası rəsmisi Caitlin Hayden Ukrayna hakimiyyətini vəziyyəti gərginləşdirməkdə ittiham edib.

O, xüsusi təyinatlı qüvvələri Kiyevin mərkəzindən çıxarmağı və müxalifətlə dialoqa başlamağı tələb edib və əks halda sanksiyaların tətbiq ediləcəyilə hədələyib.

Onun sözlərinə görə, vəziyyət pisləşməsinin səbəbi Ukrayna hökümətinin “xalqın qanuni narazılığını tanımamasıdır”.

“ABŞ əlavə addımların atılması variantını nəzərdən keçirir, o cümlədən, zorakı üsullardan istifadə edilməsinə cavab olaraq sanksiyaların tətbiq edilməsini də”, Caitlin Hayden deyib.

"Təxribatçılar və ekstremistlər"

Kiyevdə kütləvi etiraz aksiyalarının yenidən alovlanmasının səbəbini müxalifət ötən cümə axşamı günü Ukrayna parlamenti Ali Radada küçə nümayişlərinin təşkilini əngəlləyən qanunlar paketinin təsdiqlənməsilə bağlayır.

Qərb ölkələri Ukrayna qanunvericiliyndə yeni dəyişikləri pisləyib.

Ukrayna DİN rəsmisi Sergey Burlakov toqquşmalarda “təxribatçılar və ekstremistləri” ittiham edərək ukraynalıları təxribata uymamağa çağırıb.

Qərb zorakılığa qarşıdır

Bazar günü Qərb diplomatları Kiyevdəki haisələrlə bağlı ciddi narazılıq bildirərək böhranın siyasi və dinc yolla həllinin axtarışına çağırıblar.

Kiyevdə Aİ missiyasının başçısı Jan Tombinski etirazçılara müraciət edərək vəziyyəti gərginləşdirməməyə çağırıb.

"Ukraynadakı hadisələri narahatlıqla izləyirik. Zorakılıq – çıxış yolu deyil”, Britaniya XİN rəhbəri William Hague Twitter-də yazıb.

“Sakitliyə və zorakılığa son qoyulmasına çağırırırq”, ABŞ- ın Kiyevdəki səfirliyinin yaydığı bəyanatda deyilir.