Kiyev: Ukrayna müxalifətinin mitinqində polislə toqquşmalar baş verib

Şəklin mənbəyi, Reuters
Kiyevdə hökümət əleyhinə mitinq iştirakçıları ilə polis əməkdaşları arasında toqquşmalar baş verir.
BBC Ukrayna müxbirinin məlumatına əsasən Ali Rada binası yaxınlığında "Dinamo" stadionu önündə 10 min nəfər toplaşıb.
Naməlum şəxslər səs və tüstü qumbaralarından istifadə edir.
BBC müxbirinin sölərinə görə hadisədə iştirak edənlərin çoxu maska və dəbilqə taxıb.
Bir qədər əvvəl təxminən 1 minədək insan Ali Rada istiqamətində irəliləmək cəhdi göstərmişdi.
Onların qarşısını yük maşınları, avtobuslar və polis kordonları kəsib.
Aksiyaçılar isə polisə məxsus avtobusları çevirməyə cəhd edirlər. Polis avtobuslarından birinin pəncərələri pərəm-pərəm olub, avtobus salonunun içərisindən tüstü qalxır.
Son məumatlara görə Kiyevin mərkəzində Ukrayna müxalifətinin çoxminlik mitinqi davam edir.
Mitinqə dəbilqədə
Kiyevin mərkəzində “Nezalejnost Maydanında” Ukrayna müxalifətinin yeni etiraz aksiyası keçirilir.
BBC Ukrayna müxbirinin təxminlərinə görə, növbəti "xalq veçesində" on minlərlə insan iştirak edir.
Müxalifət mitinqini ötən cümə günü prezident Viktor Yanukoviçin ölkədə kütləvi aksiyaların keçirilməsinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan yeni qanunları imzaladığına baxmayaraq keçirir.
Etirazçıların çoxu bugünkü mitinqə narıncı rəngli inşaatçı dəbilqəsi taxaraq gəlib.
Yeni təsdiqlənmiş qanuna əsasən mitinqlərdə dəbilqə və maska taxaraq iştirak etmək qadağandır.




