Ukrayna iğtişaşları: müxalifət prezidentlə danışıqlardan narazıdır

Şəklin mənbəyi, AP
Ukraynada etirazçılar müxalifət lideri ilə Prezident Viktor Yanukoviç arasındakı danışıqlara skeptisizmlə yanaşıb.
Oleq Tyaqnıbok paytaxt Kiyevdəki Müstəqillik Meydanında ("Avromaydan") danışıqların qantökməni azaldacağını etirazçılara deyəndə, bəziləri "Ar olsun!" qışqırıb və fit çalıb.
Məlumata görə, digərləri müxalifət barrikadalarının yaxınlığında təkərləri yandırıb.
UDAR partiyasının lideri Vitali Kliçko isə deyib ki, prezident danışıqlarda heç bir güzəşt etməyib.
"Saatlarla davam edən söhbətlər heç nə barədə olub", Reuters xəbər agentliyi ondan sitat gətirib.
"Mənasız" danışıqlar
Cənab Kliçko Müstəqillik Meydanında barrikadaları mühafizə edən etirazçılarla danışıb.
"Səni aldatmağa qərar verən adamla oturub danışıqlar aparmağın heç bir mənası yoxdur", o deyib.
İki ay Kiyevdə davam edən etiraz nümayişlərində ilk ölüm hadisəsindən bir gün sonra Ukrayna müxalifətinin liderləri Prezident Viktor Yanukoviçlə görüşüblər.
Cənab Yanukoviç parlament spikerindən böhranı müzakirə etmək üçün gələn həftə növbədənkənar sessiya çağırmağı xahiş edib.

Şəklin mənbəyi, AP
Çərşənbə günü, Ukraynada aksiyaların keçirilməsini məhdudlaşdıran qanunvericilik qüvvəyə minəndə, Kiyevdə polislə toqquşmalarda iki nəfər ölüb. Hakimiyyət onların güllə yarasından öldüyünü təsdiqləyib.
Ötən həftəsonu müvafiq qanunun parlamentdə təsdiqlənməsi kütləvi etirazların qızışmasına təkan verib.
Çerkasda həbslər
Eyni zamanda cümə günü mərkəzi Ukraynanın Çerkas şəhərinin vilayət şurasının binasını ələ keçirməyə cəhd edən 50-dən çox şəxs saxlanılıb.
"23:00 radələrində polis əməkdaşları Çerkas vilayət şurasının binasını müəssisəyə qeyri-qanuni daxil olan şəxslərdən azad edib.
Qanunu pozanların tutulması istiqamətdində tədbirlər görülür. Kütləvi qanunsuzluqlara görə polisə 58 nəfər gətirilib”, RİA Novosti Daxili İşlər Nazirliyinin yerli şöbəsindən sitat gətirir.
Bir gün öncə Ukraynanın bir neçə şəhərinin sakinləri yerli icra orqanlarının binalarını tutub.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, etiraz edənlər Lvov və Rovnoda yerli icra hakimiyyətinin intizabi binasını nəzarət altında saxlayır və barrikadalar qururlar.
Çerkasda fəallar bir müddətlik binanın bir neçə mərtəbəsini ələ keçirsələr də, nəticəsə polis etirazçıları qovmağa müvəffəq olub.

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, Getty




