Kiyev: Müxalifət liderləri də "güllə altına getməyə hazırdır"

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Yuri Maloveryan
    • Vəzifə, BBC Rusca, Kiyev

Ukrayna müxalifətinin liderləri deyib ki, əgər Prezident Yakukoviç tezliklə güzəştə getməsə, onlar da “güllə altına gedəcəklər”.

“Avromaydan”a toplaşanlar liderləri bir neçə etirazçının ölümünə görə tənqid etdikdən sonra müxalifətin aparıcıları belə fikir söyləyib.

“Mən hamınızla birgə meydandayam. Dayanmaq lazımdırsa, dayanacağam, mübarizə aparmaq lazımdırsa da, yanınızdayam. Çünki çoxlarının ümidi var və deyirlər: “Vitali, biz sizə inanırıq, ümidlərimizi boşa çıxarmayın.. Mən hərşey edəcəyəm. Güllə altına getmək lazımsa, gedərəm”, UDAR partiyasının lideri Vitali Kliçko deyib.

Bu anda “Avromaydan”ın bir hissəsi “Kliçko, Kliçko” deyə qışqırıb, digər hissə isə fit çalıb.

Ukrayna müxalifətinin liderləri prezidentlə görüşdən narazı qalıb, bu səbəbdən hökümətə ciddi ultimatum verib.

Kliçko Maydanda ilk dəfədir rusca danışıb və deyib ki, hökümət xalqı dil və coğrafi əlamətlərə görə ayırmağa çalışır, amma vətəndaşlar bir-birini yaxşı anlayır.

Batkivşina partiyasının lideri Arseniy Yatsenyuk prezidentdən yaxın bir sutka ərzində müxalifətə güzəştə getməyi tələb edib.

"Həyatları qurtarmaq üçün 24 saatımız var. Bu ayıbla yaşaya bilmərəm. Sabah- irəli gedirik! Alına güllə olacaqsa, olsun”, Yatsenyuk deyib.

Onun sözlərinə görə, prezident Viktor Yanukoviç 24 saat ərzində höküməti istefaya göndərməli, özü də vəzifəsini tərk etməli və təxirəsalınmaz seçkilər keçirməlidir.

BBC Rusca Xidmətinə orta yaşlı Vasiliy adlı iştirakçı deyib ki, "Güllə altına getməkdən başqa nə seçim var? Geriyə yolumuz yoxdur. Ya zindan, ya da barrikadalara gedirik və uduruq”.

Gənc kiyevli Vladimir Qolovanın sözlərinə görə isə, o da "güllə altına" getməyə hazırdır, amma ümid edir ki, silaha əl atılmayacaq.

Yeni lider axtarılır

"Avromaydan"da çoxdandır radikal əhval-ruhiyyə hökm sürürdü, amma son üç günün küçə etirazlarında üç müxalifət lideri daha çox tənqid edilir- Kliçko, Yatsenyuk və Azadlıq partiyasının sədri Oleq Tyaqnıbok hökümətlə yumşaq davranmaqda ittiham edilir.

Üç liderə qərar verməyi tapşıran Maydan əhli deyib ki, Maydana "bir" lider lazımdır.

Lakin son günlər həmçinin söhbət gəzir ki, bu üç nəfər də "yaramır" və yeni lider lazımdır.

Kliçko çıxışında deyib ki, "liderlik məsələsi müzakirəyə dəyməz", amma bəzi nüanslar onun özünü lider hesab etməsini göstərib.

"Mən xalqın tərəfinə keçən hamının müdafiəsinə zamin dururam", Kliçko polis və hərbçilərə müraciətində "mən" sözündən isifadə edib, "biz" yox.

Ötən gün müxalifət nümayəndələri Ukrayna prezidenti Viktor Yanukoviçlə siyasi böhran dərinləşəndən bəri ilk görüş keçirib.

Prezident vətəndaşları evlərinə qayıtmağa çağırıb, müxalifət nümayəndələri isə deyib ki, görüşün heç bir nəticəsi olmayıb.

Kiyevdə polis və etrazçılar arasında qarşıdurmalar bazar günündən bəri davam edir. Qarşıdurmalar etirazları kriminallaşdıran yeni qanunlara görə başlayıb. Hadisələr ən azı üç etirazçının həyatına son qoyub.