Kiyev: "Avromaydanın" dağıdılması zamanı ölənlərin sayı üçə çatıb
Ukrayna paytaxtı Kiyevdə polislə etirazçılar arasında davam edən toqquşmalar zamanı ölənlərin sayı üçə çatıb.
"Etirazçıların ölümü barədə Ukrayndan gələn son xəbərlər bizi sarsıdıb, ölənlərin ailələrinə başsağlığı bildiririk. Biz qəti şəkildə gücdən istifadə edildiyindən heyfslənirik", Avropa Komissiyasının başçısı Joze Manuel Barosso bildirib.
Onun sözlərinə görə, Kiyevdəki hadisələrin son inkişafından sonra Avropa Komissiyası baş verənlərə cavab olaraq Ukrayna ilə münasibətlərini nəzərdən keçirəcək.
Bu arada Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdə Ukrayna müxalifətinin liderlərilə görüş keçirib.
Danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Klyuyev, prezidentin müşaviri Andrey Portnov, ədliyyə naziri Yelena Lukaş, "UDAR" partiyasının lideri Vitali Kliçko, "Batkivşina" partiyası parlament fraksiyasının rəhbəri Arseniy Yatsenyuk və millətçi "Svoboda" partiyasının lideri Oleq Tyaqnibok iştirak edirlər.
Ukraynada siyasi böhran növbəti dəfə dərinləşəndən prezident Yanukoviç ilk dəfədir ki müxalifət liderlərilə görüşür.
Görüşdən əvvəl Yanukoviç Kiyevdə yaranmış böhranlı vəziyyətin dinc yollarla çözülməsinin hələ mümkün olduğunu bildirmişdi.
"Vətəndaşları evlərinə qayıtmağa çağırıram", Ukrayna prezidenti bildirmişdi.
Toqquşmalar polis etirazçıların düşərgəsini sökməyə cəhd edəndə başlayıb.
Etirazçılar yandırıcı bombalar və daşlar, polis isə gözyaşardıcı qaz və rezin güllələr atıb.
Ölənlərdən azı birində güllə yaraları olub. Gənc oğlan odlu silahdan açılan atəş nəticəsində dörd yara alıb. Onun həyatını itirməsi barədə məlumat yerli vaxtla səhər saat 6-da verilib.
Güllənin kim tərəfindən açılması bəlli deyil.
Tibb məntəqəsinin mühafizəçisi deyib ki, oğlanın cəsədi gətirilən kimi, polis və məhkəmə-tibbi ekspertizası da məntəqəyə baş çəkib.
Kiyevdə polis və etrazçılar arasında qarşıdurmalar artıq üç gündür ki davam edir. Qarşıdurmalar etirazları kriminallaşdıran yeni qanunlara görə başlayıb.
Etirazlarda qoruyucu baş geyimini və maskaları yasaqlayan qanuna qarşı olaraq bir çox etirazçı qırmızı dəbilqə geyinib.




