Moskva: Kiyevdəki nümayişlərin iştirakçıları Avropa qaydalarını pozur

Şəklin mənbəyi, AP
Ukrayna paytaxtında hökümət əleyhinə etiraz iştirakçıları və polis arasında qarşıdurmalar davam edir.
Bu arada Moskvada keçirilmiş mətbuat konfransında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyəti şərh edərkən Kiyevdə nümayişçilərin etdiyi hərəkətlərin Avropa qaydalarını pozduğunu vurğulayıb.
"Meriyanın işğalı, hökümət binalarına basqın, müxalifətçi qoçuların hökümət binalarını bir neçə həftə ərzində tutub saxlaması Avropa İttifaqınına daxil olan istənilən ölkə üçün təssəvvür edilməzdir.
"Avropada bu hərəkətlər mümkün ola bilərdimi? Onlar buna heç zaman yol verməzdilər", Lavrov deyib.
"Poqromlar, polisə hücumlar, yanğınlar, "Molotov kokteylləri", partlayıcı maddələr - bütün bunlar dəhşətdir, Avropa qaydalarının pozulmasıdır", - Rusiya XİN rəhbəri bildirib.
Onun təbirincə, Ukrayna müxalifət liderlərinin təmkinliyə son çağırışları da vəziyyətin nəzarət altından çıxdığından xəbər verir.
Bundan əvvəl BMT baş katibi Ban Ki-moon Kiyevdə baş verən hadisələrin iştirakçılarını dilaoqa və təmkinliyə çağırmışdı.
Kiyevdə polis geri çəkilib
Ukrayna paytaxtında isə, hökümət əleyhinə etiraz iştirakçıları ilə polis arasında qarşıdurma davam edir.
Bu qarşıdurma, ilk növbədə, etirazçıların istifadə etdikləri əşyaların məhv edilməsi ilə yadda qalıb.
Əsas hadisələr Qruşevski küçəsində baş verib.
Etirazçılar deyir ki, sonra Berkut polis hissələri geri çəkilib.
"Berkut Qruşevski küçəsindəki "öz xətlərinə" geri çəkilib. İndi hər şey əvvəlki kimidir ara-sıra partlayışlar, şüşə atılır və təbillər gurlayır", BBC jurnalisti Yuriy Maloveryan deyir.
Kiyevdə küçə etirazları bazar günündə vüsət götürüb və Ukraynanın hakim elitasına qarşı demək olar ki bütün müxalifət- millətçilər də, liberallar da mübarizə aparır.
Şəhər administrasiyası bildirib ki, hər iki tərəfdən 200-dən çox insan xəsarət alıb. 100-dən çox insan xəstəxanada yatır.




