Ukraynada qan töküldükdən sonra danışıqlar

İki ay Kiyevdə davam edən etiraz nümayişlərində ilk ölüm hadisəsindən bir gün sonra Ukrayna müxalifətinin liderləri Prezident Viktor Yanukoviçlə görüşməyə hazırlaşır.

Tərəflər arasında atəşkəs hələlik saxlanır, amma müxalifət lideri Vitali Kliçko seçkilər çağrılmayacağı təqdirdə nümayişçilərə rəhbərlik edəcəyini deyib.

Cənab Yanukoviç parlament spikerindən böhranı müzakirə etmək üçün gələn həftə növbədənkənar sessiya çağırmağı xahiş edib.

Çərşənbə günü Kiyevdə polislə toqquşmalarda iki nəfər ölüb. Hakimiyyət onların güllə yarasından öldüyünü təsdiqləyib.

Prezident Viktor Yanukoviçlə danışıqların nəticəsiz başa çatmasından sonra Ukrayna müxalifət liderləri siyasi böhranın həlli üçün hakimiyyəti yeni seçkilərin keçirilməsinə çağırıblar.

Etirazçıların qarşısına çıxan UDAR partiyasının rəhbəri Vitali Kliçko yeni seçkilər tələbinin yerinə yetirilmədiyi təqdirdə Kiyev üzərinə “hücumun” başında gedəcəyini bildirib.

Kompromisin mümkün olduğunu deyən baş nazir Nikolay Azarov ultimatum dililə danışmamağa çağırıb.

Çərşənbə günü ölənlər noyabr ayında Viktor Yanukoviçin Avropa ilə Assosiasiya sazişini imzalamaqdan imtina etməsi ardınca hökumət əleyhinə başlayan etirazların ilk qurbanları olub.

Ötən gün axşam saatlarında Azadlıq Radiosunun Ukrayna redaksiyası Kiyev ətrafındakı meşədə daha əvvəl oğurlandığı xəbər verilən fəalın ölümü barədə bildirib.

Çərşənbə günü Ukraynada aksiyaların keçirilməsini məhdudlaşdıran qanunvericilik qüvvəyə minib. Ötən həftəsonu müvafiq qanunun parlamentdə təsdiqlənməsi kütləvi etirazların qızışmasına təkan verib.

Video şərhsizdir.