Rusiya Ukraynaya 2 milyard dollar təqdim etməyə hazırdır

Şəklin mənbəyi, Reuters
Rusiya Ukraynaya “artıq bu həftə” 2 milyard dollar civarında yeni kömək tranşı təqdim etməyə hazırdır.
Bu haqda Rusiya maliyyə naziri Anton Siluanov bəyan edib.
Dekabrda Moskva Kiyevə 15 milyard dollar təqdim etməyə söz verib, amma o zamandan Ukrayna ancaq 3 milyard əldə edib.
Ukrayna baş nazirinin istefaya getməsindən sonra Rusiya Ukraynada yeni hökümət qurulmayana qədər krediti donduracağına işarə edib.
Yeni kömək tranşı güclü etiraz hərəkatı ilə qarşılaşmış prezident Viktor Yanukoviçin dayaqlarını əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər.
Müxalifət isə, öz növbəsində, Yanukoviçin hakimiyyətini məhdudlaşdıracaq və növbədənkənar prezident seçkilərinin keçirilməsinə gətirib çıxaracaq 2004-cü ilin Konstitusiyasının bərpası üçün parlamentdə səsvermə keçirilməsinə nail olmaq niyyətindədir.
Bu məqsədlə fəallar Kiyevdə Ali Radanın binası qarşısında yeni kütləvi etiraz aksiyasına hazırlaşır.
Bununla belə, prezidenti dəstəkləyən parlamentarilər çoxluqdadır və çox güman ki, prezident hakimiyyətinin məhdudlaşdırılması cəhdlərinin qarşısını alacaqlar.
Ukraynada gərginlik ötən ilin noyabrında, Yanukoviç, Avropa İttifaqı ilə assosiasiya sazişi və azad ticarət haqqında danışıqlar aparmaqdan imtina etdiyi və Rusiya ilə kredit almaq haqqında razılığa gəldiyindən sonra başlayıb.
Moskva Kiyevin Qazaxıstan və Belorusiya kimi Gömrük İttifaqına qoşulmasını istəyirdi.
Bununla belə, Aİ və Rusiya bir-birlərini Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edirlər.
Cənab Siluanovun sözlərinə görə, Moskva artıq bu həftə Ukraynanın avrobondlarını 3 milyard dollar məbləğində almağa hazırdır.
Nazir razılaşmanın detalların açıqlamayıb, amma Ukrayna hökümətindəki mənbənin sözlərinə görə, pullar artıq bu çərşənbə günü köçürülməlidir.




