Ukrayna: Etirazçılarla bağlı əfv qanunu qüvvəyə minir

Kiyev

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kiyevdə barrikadalar qismən sökülüb.

Ukraynada bazar ertəsi hökümətə qarşı nümayişlərlə bağlı əfv qanunu qüvvəyə minəcək.

Prokurorluq bildirib ki, etirazçıların meriya binasını tərk etməsinə cavab olaraq onlara qarşı cinayət işləri ləğv ediləcək.

Etirazçılar paytaxt meriyasının binası da daxil olmaqla, bir sıra hökümət binalarını ötən ilin noyabrdan tutub.

İnzibati binaların azad edilməsi etirazçıların cinayət məsuliyyətinə cəlb edilməməsinin şərtlərindən biri idi.

Başqa bir şərt isə bazar ertəsi gününədək küçələrdə qurulmuş barrikadaların yığışdırılması olub.

BBC müxbiri David Stern deyir ki, Kiyevin mərkəzində barrikadalar qismən sökülüb.

Hərçənd ki, radikal etirazçıların bir qrupu meriya binasının qarşısını bloklayıb. Lakin onlar binaya daxil olmayıblar.

Ukraynada etiraz aksiyaları ötən ilin noyabrında prezident Viktor Yanukoviçin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağı rədd etməsindən sonra başlayıb.