Ukrayna: polislə etirazçılar arasında toqquşmalarda ölənlər var
Ukrayna paytaxtı Kiyevdə minlərlə etirazçı nəzərdə tutulan konstitutiya dəyişikliklərinə etiraz edərək hakim partiyanın qərargahına hücum edib. Ən azı yeddi adam, o cümlədən bir polis əməkdaşı, həlak olub.
Polis daş atan vətəndaşlara qarşı rezin güllələr, gözyaşardıcı qaz və səs bombasından istifadə edib. Etirazçılar həmçinin Parlamentə yürüş etməyə cəhd edib.
Parlament binasının yanında yerləşən Mariinski parkında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanır. Təhlükəsizlik işçiləri etirazçılara yerli vaxtla 18:00-a qədər vaxt veriblər ki, iğtişaşlara son qoyulsun. Əks təqdirdə onlara qarşı tədbirlər görüləcək, polis deyib.
Müxalifət Parlamentdən dərhal 2004-cü ilin Konstitusiyasının bərpası üçün səsvermə keçirilməsini istəyir.
2004-cü ilin Konstitusiyasının bərpa edilərsə, bu, Yanukoviç hakimiyyətinin məhdudlaşdırılmasına və növbədənkənar prezident seçkilərinin keçirilməsinə gətirib çıxara bilər.
Bu, son bir neçə həftə ərzində baş verən ən zorakı hadisədir.
Ukraynada iğtişaşlar noyabr ayında, Prezident Yanukoviç Aİ ilə sazişdən imtina edib Rusiya ilə daha yaxın əlaqələr seçəndən sonra başlayıb.
Çərşənbə axşamı on minlərlə etirazçı Ali Rada binasına yürüş etməyə cəhd edib, amma polis buna imkan verməyib.
Bəziləri polisə daş və tüstü bombaları atıb. Polis cavab olaraq tüstü qumbaraları və rezin güllələr atlıb.
Rəsmilər deyiblər ki, hakim Regionlar Partiyasının qərargahına edilən hücum nəticəsində burada işlədiyi güman edilən bir adam ölüb.
Üç etirazçının meyiti parlamentə yaxın bir binada aşkar olunub. Küçədə isə daha üç meyit tapılıb.
Xəsarət alanlar arasında 30-dan çox etirazçı, yeddi daxili qoşun əməkdaşı və bir fotoreportyor var.