Rusiya Ukrayna liderlərinin "legitimliyini tanımır"

Şəklin mənbəyi, AP
Rusiyanın Baş Naziri Dmitri Medvedyev Ukraynanın yeni hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşdığını deyib.
Kiyevdə siyasi çevrilişdən sonra Rusiyadan gələn ən sərt reaksiyada cənab Medvedyev hakimiyyətdəkilərin "silahlı qiyam" törətdiklərini bildirib.
O, bu sözləri devrilmiş Prezident Yanukoviç haqqında həbs qərarı verildikdən sonra deyib. Cənab Yanukoviçin harada olması məlum deyil.
Rusiya siyasi müttəfiqini itirməsindən qəzəblənib və səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Ukraynada etirazlar noyabr ayında cənab Yanukoviç Avropa İttifaqı ilə ticarət razılaşmasını imzalamaqdan imtina etdikdən və əvəzində Rusiya ilə yaxın əlaqələri seçdikdən sonra baş qaldırıb.
Bu arada Avropa İttifaqının xarici işlər üzrə rəhbəri Catherine Ahston Ukraynanın yeni liderlərinə maliyyə və siyasi dəstəyi müzakirə etmək üçün kiyevə gəlib.
Rusiyanın yardım paketi icra olunmayacağından Ukrayna, öz borclarını ödəyə bilməməsi səbəbindən böyük iflasa uğramaq təhlükəsi qarşısındadır.
Cənab Medvedyev deyib ki, Qərb ölkələri Ukraynanın yeni hakimiyyətini qəbul etməklə səhvə yol verirlər.
"Doğrusu, (Ukraynada) bu gün ünsiyyət qura biləcəyimiz kimsə yoxdur", o deyib.
"Biz başa düşmürük ki, orda nə baş verir. Bizim maraqlarımıza və vətəndaşlarımızın həyatına real təhlükə var".
Ukrayna xarici işlər naziri cənab Medvedyevin Ukraynadakı Rusiya vətəndaşları barədə narahatlığına cavab olaraq deyib ki, bu narhatlıqlar "əsassızdır".
Həbs qərarı
Ukrayna devrilmiş Prezident Viktor Yanukoviçin həbsi barədə qərar verib, daxili işlər naziri bəyan edib.
Arsen Avakov Facebookda yazıb ki, cənab Yanukoviç və digər rəsmilərə qarşı "dinc vətəndaşların kütləvi ölümü" ilə bağlı cinayət işi açılıb.
Millət vəkilləri şənbə günü cənab Yanukoviçin vəzifədən azad olunmasına səs veriblər.
Cənab Azakov deyib ki. cənab Yanukoviç bazar günü Krım yarımadasındakı Balaklava ərazisində görünüb, amma avtomobil onu naməlum istiqamətə aparıb.
Rusiya səfirini çağırır
Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini "məsləhətləşmələr üçün" geri çağırıb.
Məsləhətləşmələrin mövzusu "Ukraynada mövcud vəziyyətin müzakirəsi və vəziyyətin üç tərəfli şəkildə analiz edilməsidir", nazirliyin saytında bildirilir.
Bu arada ABŞ dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da telefonla Ukraynadakı vəziyyəti danışıb.
Cənab Kerry müvəqqəti prezidentin təyin edilməsi fikrini dəstəkləyib və Rusiyanın Ukraynaya vəziyyətdən "daha güclü və mütəşəkkil" şəkildə çıxmaq üçün yardım edəcəyinə gümanını bildirib.
Cənab Lavrov, öz növbəsində, Ukrayna müxalifətini cümə günü razılaşmasına əməl etməməkdə təqsirləndirib.
Prosesləri həmçinin, Rusiya prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel də müzakirə edib.
Hər iki diplomat Ukraynanın təcili güclü işlək hökümətə və ərazi bütövlüyünün qorunmasına ehtiyacı olması barədə ortaq fikirlər paylaşıb.




