Putin Ukraynadan nə istəyir?

Şəklin mənbəyi, BBC World Service
Vladimir Putinin Ukrayna ilə bağlı siyasəti heç də Rusiyanın qərbə doğru genişlənməsini nəzərdə tutmur.
"Russia in Global Affairs" jurnalının redaktoru Fyodor Lukyanovun fikrincə, Putin, sadəcə, Ukraynanın hakim elitasının bacarıqsızlığından yaranmış xaosun miqyasını azaltmağa çalışır.
Moskvadan baxanda Ukraynadakı hadisələr Avropa paytaxtlarının baxışından fərqli görünür.
Avropa telekanalları Kiyevdəki Maydandan ruh yüksəkliyilə keçən gənclərə və nümayişçilərə hücum edən polisi göstərdiyi halda, Rusiya televiziyası silahlı etirazçıları, dağıdılmış binaları, küçələrdəki zibillikləri nümayiş etdirir.
Bu eyni reallığın iki təsviridir, lakin tərəflərdən hər biri yalnız həqiqətin bir tərəfini görür.
Qərbdə belə bir fikir mövcuddur ki, Vladimir Putin Ukraynada baş verənlərdən qorxub, çünki bu hadisələr Rusiya müxalifəti üçün bir nümunəyə çevrilə bilər.
Lakin bu çox sadələşdirilmiş bir baxışdır.
Rusiya prezidenti Kiyevdəki hadisələrilin inkişafını Rusiyadakı vəziyyətlə müqayisə edir və həmin hadisələri özünün haqlı olmasının sübutu kimi qələmə verir.
Putinin qənaətincə, iğtişaşların qarşısı dərhal alınmalıdr, çünki iğtişaşlar hərc-mərcliyə yol açır, zəif dövlətlər tələyə düşür.
Bir dəfə dövlət büdrəyirsə, xarici qüvvələr dərhal yaranmış boşluğa soxularaq dövlətin özülünü dövlət çökənədək silkələməyə başlayır.

Şəklin mənbəyi, BBC World Service
Rusiyada Qərbin destruktiv olduğunu düşünürlər. Ya Qərb vəziyyətin mürəkkəbliyini anlamağa qadir deyil və primitiv üsullara əl atır, oyunçuları "yaxşı" və "pisə" bölür, yada bilərəkdən xoşuna gəlməyən sistemlərin dağıdılması ilə məşquldur. Və nəticə həmişə eynidir - vəziyyət getdikcə pisləşir.
Qərb həmişə Ruiyanın təsirini məhdudlaşdırmağa və Moskva üçün çətinliklər yaratmağa çalışır.
Vladimir Putin Ukraynada və digər yerlərdə, misal üçün Yaxın Şərqdə, vəziyyəti təxminən bu bucaq altından görür.
O, Ukrayna prezidenti Viktor Yanukoviçə heç də simpatiya etmir, çünki vaxtilə Yanukoviç onu pərt vəziyyətdə qoymuşdu.
2004-cü il prezident seçkilərində Yanukoviçə kömək məqsədilə Putin şəxsən Ukraynaya səfər etmişdi, lakin Yanukoviç ağır məğlubiyyətə uğramışdı.
Putin Ukrayna rəhbərliyini etibarsız və mövgesiz sayır.
Lakin Suriya məsələsində olduğu kimi, Ukrayna məsələsində də şəxsi məsələlər arxa plana keçir.
Yanukoviç suveren dövlətin legitim prezidentidir. Əgər xarici qüvvələrə onu devirmək, qanunsuz elan etmək imkanı verilsə, bu, beynəlxalq münasibətlərin təməl prinsipinin pozulması demək olacaq.
Bu səbəbdən Moskva nə Yanukoviçdən, nə də Suriyada Bəşər Əsəddən imtina etməyəcək.
Moskva hesab edir ki, rejim dəyişikliyi Ukraynanı anarxiyaya aparır və nəticədə dövlətin məhvilə nəticələnə bilər.
Moskva Ukraynanın siyasi elitasını baxışlarından asılı olmayaraq, məsuliyyətsiz və qeyri-peşəkar sayır.

Şəklin mənbəyi, BBC World Service
Rusiyada hesab edirlər ki, son 20 illik dövr ərzində Ukrayna elitası güclü dövlət qurmağa nail ola bilməyib, uğursuzluğa uğrayıb - baxmayaraq ki, Sovet İttifaqı dağılan zaman Ukraynanın güclü ölkəyə çevrilməsi şansları digər respublikalarla müqayisədə daha çox idi.
Lakin 2005-2010-ci illərin "Narıncı" koalisiyasının bacarıqsızlığı öz mənfi nəticəsini verdi, növbəti "Qərbyönlü" hökümətin daha səmərəli olacağını düşünməyə əsas qalmayıb.
Rusiya hesab edir ki, anarxiyanın davam etməsi Ukraynanın parçalanmasına gətirəcək. Ölkənin indiki sərhədi təsadüf nəticəsində formalaşıb: Stalin Sovet imperiyasını Qərbi Ukraynanı işğal etməklə genişləndirib; Nikita Xruşşov Krımı Ukrayna Sovet Sosialist respublikasına hədiyyə edib.
Ölkənin qərb hissəsi Qərbə, şərq hissəsi isə Şərqə - Rusiyaya tərəf baxır.
Moskva Ukraynanın çökməsini istəmir və bu istiqamətdə addımlar atmır. Lakin böhran dərinləşəcəyi halda Rusiya Ukraynanın şərq və cənub-şərq bölgələrilə daha sıx münasibətlərin qurulması yolunu seçə bilər.
Rusiya əmindir ki, Qərbin müdaxiləsi və müxalifətə tərəfkeşliyi bu cür ssenarini reallığa çevirə bilər.
Putin qarışıqlıqdan ehtiyatlanır. Onun Ukrayna ilə bağlı siyasəti ekspansiya arzusu yox, xaosun Rusiya ərazisinə keçməsinin qarşısını almaqdan ibarətdir. Və bunun üçün Rusiya əlindən gələni etməyə hazırdır.




