Ukraynanın müvəqqəti prezidenti kimdir?

Turçinov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Turçinov Ukraynada noyabr ayından başlamış Viktor Yanukoviç əleyhinə etiraz hərəkatının liderlərindən olub.

Ukraynanın yeni müvəqqəti prezidenti Oleksandr Turçinovu çoxları keçmiş Baş nazir Yuliya Timoşenkonun "sağ əli" sayır.

Onların əməkdaşlığı 1990-cı illərdən, cənab Turçinov “Batkivşina” partiyasının sədr müavini olduğu dövrdən başlayıb və davam etməkdədir.

Ukraynada bəziləri ehtiyat edir ki, Turçinovun hakimiyyət pilləsində yüksəlməsi Yuliya Timoşenkonun prezidentlik kürsüsünə gəlməsinə hazırlıq mərhələsi ola bilər.

Turçinov Ukraynada noyabr ayından başlamış Viktor Yanukoviç əleyhinə etiraz hərəkatının liderlərindən olub.

Fevral ayında prokuroluq Turçinovu etirazçıların “özünü-müdafiə qüvvələrinin” yaradılması və təşkilatlanmasında aparıcı rol oynamaqda ittiham edərək ona qarşı cinayət işi açmaq üçün istintaqa başlamışdı.

Prezident Yanukoviç hökümətinin çökməsindən sonra, Ukrayna parlamenti Turçinovu Ali Rada spikeri və müvəqqəti Baş nazir, Yanukoviçin vəzifədən kənarlaşdırılmasına səs verildikdən sonra isə müvəqqəti president də təyin edib.

Turçinov paytaxt Kiyevin mərkəzində, Maydanda kütləvi aksiyalarını davam etdirən etirazçıların heç də hamısı tərəfindən birmənalı qəbul edilmir.

Prezident Yanukoviç Kiyevi tərk etdikdən sonra Turçinovun Maydandakı izdihama məqsədlərinə nail olduqlarını çatdırması və etirazçıları dağılışmağa çağırması izdihamın qəzəbinə səbəb olmuşdu.

Onun eləcədə xarizmaya malik olmadığı qeyd olunur. Kiyev meri vəzifəsinə 2008-ci ildə keçirilmiş seçkilərdə, o zaman Baş nazir olan Yuliya Timoşenkonun dəstəyinə baxmayaraq, Turçinov seçicilərin dəstəyini qazana bilməmişdi.

Ukraynalıların əksəriyyəti pravoslav və katolik olsa da, cənab Turçinov Baptist dininə sitayiş edir.

O, eləcə də Ukraynada korrupsiya, kölgə iqtisadiyyatı və totalitarizm mövzusunda yazılmış bir sıra kitabların müəllifi kimi də tanınır.

Timoşenko kimi Turçinov da Ukraynanın sənaye şəhəri olan Dnepropetrovskda anadan olub.

1964 təvəllüdlü Turçinov , institutda metallurgiyanı öyrənib, siyasətə "komsomol"dan gəlib.

1993-cü ildə Turçinov o zamankı president Leonid Kuçmanın iqtisadi müşaviri təyin olunub, bir ildən sonra Hromada partiyasını təsis edib.

1998-ci ildə Turçinov ilk dəfə parlamentə seçilib.

Dövlət Təhlükəsizliyi rəisi

1990-cı illərin sonunda xanım Timoşenko və cənab Turchinov Batkivşina partiyasını yaradırlar.

Timoşenko və Turçinov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Tuçınovu Ukraynada Timoşenkonun sağ əli sayırlar.

Bir müddətdən sonra Batkivşina partiyası Ukrayna müxalifətinin aparıcı qüvvəsinə çevrilir.

2004-cü ildə keçirilmiş president seçkilərində cənab Turçinov o zaman müxalifət lideri olan Viktor Yuşenkonun seçki kampaniyasına rəhbərlik edib.

Yuşenkonun o zaman Viktor Yanukoviçə məğlub olması səsvermə zamanı kütləvi pozuntular və saxtakarlığa dair iddialara və nəticədə Ukraynada Narıncı inqilabın baş verməsinə səbəb oldu.

2004-cü ildə Narıncı inqilab nəticəsində Viktor Yuşenko prezident oldu, Yulia Tymoşenko – Baş nazir, Oleksandr Turçinov isə 2005-ci ildə ölkənin Təhlükəsizlik Xidmətinin rəisi təyin olundu.

Lakin xanım Timoşenko ilə cəman Yuşenkonun münasibətləri pisləşəndən sonra cənab Turçinov vəzifəsindən kənarlaşdırıldı.

Yuliya Timoşenko 2007-2010-cu illərdə ikinci dəfə Baş nazir təyin ediləndən sonra Turçinov hökümət tərkibinə Baş nazirin birinci müavini kimi qayıtdı.