Rusiya Suriyaya hücum təqdirində kömək edəcəyini bildirib

Vladimir Putin

Sankt Peterburqda işini başa vuran G20 sammiti Suriya məsələsində Moskva ilə ABŞ arasında mövqelərin daban-dabana zidd olduğunu nümayiş etdirib.

ABŞ avqustun 21-də baş verdiyi iddia edilən Dəməşq yaxınlığındakı kimyavi hücumda Suriya hökumətini suçlayaraq bu ölkəyə qarşı hərbi aksiyada yeni müttəfiq əldə edə bilməyib.

Müxbirlər qeyd edirlər ki, sammitin gedişatında hərbi aksiyaların şərt tərəfdarı olan Fransa belə öz yanaşmasını mülayimləşdirib.

Prezident Francois Hollande deyib ki, hərbi müdaxilə aksiyası barədə qərardan öncə o kimyavi silah iddialarını araşdıran BMT müfəttişlərinin hesabatını görmək istərdi.

Kömək vədi

Rusiya lideri Vladimir Putin, Suriyadakı kimyavi hücuma görə ilk dəfə açıq şəkildə üsyançıları ittiham edərək müdaxilə təqdirində bu ölkəyə kömək edəcəyini bildirib. Onun sözlərinə görə BMT sanksiyası xaricində “qeyri-leqal” hərbi zərbə Yaxın Şərq bölgəsində sabitliyi poza bilər.

Ağ Ev məsələnin diplomatik vasitələrlə həll etmək imkanlarının tükəndiyini və BMT Təhlükəsizlik Şurasında Rusiyanın müqaviməti üzündən Şuriyanı hərbi hücumlara görə məsuliyyətə cəlb etmək səylərinin baş tutmadığını etiraf edib.

BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı sərt qətnamə layihələrinin təsdiqi Rusiya ilə Çin tərəfindən bloklanıb.

Konqresdə müzakirələr

Suriyaya qarşı hərbi addımlar gələn həftə ABŞ Konqresində müzakirə edilməlidir.

Bundan əvvəl xarici əlaqələr üzrə Senat komitəsi hərbi əməliyyat planını dəstəkləyən qətnamə layihəsini qəbul edib.

Amerika hökuməti Suriyanı 1,429 adamın ölümü ilə nəticələnən kimyavi hücumda ittiham edib. Dəməşq həmlələrlə bağlı ittihamları rədd edib.

2011-ci ildən bu yana Suriayadakı daxili qarşıdurma 100 mindən artıq adamın ölümünə bais olub