Bəşər Əsəd "Qərbin təcavüzünə qarşı mübarizə aparacaq"

Suriya prezidenti deyib ki, ölkəsi özünü Qərbin təcavüzündən qoruyacaq. Britaniya və ABŞ hökumətləri Suriyaya hərbi müdaxilə üçün dəstək qazanmağa çalışırlar.
Bəşər əl-Əsəd Qərbin hədələrinin onun əzmini daha da möhkəmləndirdiyini bəyan edib, dövlət mediası xəbər verir.
ABŞ və Britaniya deyir ki, Əsəd rejimi bu yaxınlarda törədilmiş zəhərli qaz hücumlarında yüzlərlə adamı öldürüb. Dəməşq isə hücumlara görə üsyançıların məsuliyyət daşıdığını deyir.
BMT kimyəvi silah ekspertləri hücumları təhqiq etmək üçün Suriyadadır.
Onlar işlərini cümə günü bitirəcəklər və ilkin təhlil nəticələrini BMT Baş Katibi Ban Ki-moon-a həftəsonu təqdim edəcəklər.
Onların mandatı hücumlara kimin məsuliyyət daşıdığını müəyyənləşdirmək imkanı vermir. Hücumlar avqustun 21-də Dəməşqin şərqində törədilib və 355 adamın ölümünə səbəb olub.
Britaniya hücum edə bilər
Britaniya parlamenti öz hüquqi qiymətləndirmələrinə əsaslanaraq, BMT-nin dəstəyini gözləmədən Suriya rejiminə qarşı hücum edə bilər.
Eyni zamanda Britaniyanın Leyboristlər partiyası bəyan edib ki, bu partiyanın parlament üzvləri Suriyada hərbi müdaxilə barədə hökümətin qərarının əleyhinə səs verəcəklər.
Leyboristlərin BMT müfəttişlərinin hesabatını gözləmək haqqında tələblərindən sonra hökümət hücum barədə vəsatətini yumşaldıb.
Amma partiya yenə də deyib ki, Əsəd rejiminin məsuliyyəti haqqında "danılmaz sübut" görmək istəyir.
Bir kəşfiyyat hesabatında deyilir ki, rejimin məsuliyyəti barədə "ehtimal yüksəkdir".
Parlament bu gün məsələni müzakirə edib. ABŞ prezidenti Barack Obama hələ ki, Suriyaya qarşı cavab zərbə planı haqqında qərar verməyib, o deyib.
Amma o belə nəticəyə gəlib ki, ötən həftə Suriya paytaxtı Dəməşqdə insanlara qarşı kimyəvi silahdan istifadə edilməsinin arxasında hökümət durur, o bildirib.
ABŞ televiziyasında çıxış edən cənab Obama deyib ki, kimyəvi silahın istifadə olunması, ABŞ milli maraqlarına təsir edib və cavab zərbəsinin verilməsi Suriyadakı müharibəyə müsbət təsir göstərə bilər.

O, bu qərarı BMT-də müzakirələr diplomatik dalana dirəndikdən sonra alıb.
Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini Suriyada mülki əhalini qorumaq üçün tədbirlər görməyə səlahiyyət verən qətnamə qəbul etməyə təkid edirdi.
Amma Suriyanın müttəfiqi Rusiya qətnaməni qəbul etməkdən imtina edib və görüş nəticəsində BMT-nin Suriya haqqında mövqeyində heç bir irəliləyiş əldə edilməyib.

ABŞ Dövlət Departamenti "Rusiya barışmazlığı"nı tənqid edib və deyib ki, diplomatik iflicin Suriya rəhbərliyi üçün müdafiə obyektinə çevrilməsinə izn verə bilməz.
Rusiya şərqi Aralıq dənizinə anti-sualtı gəmisi və raket kreyseri göndərir.
Rusiyanın Interfax xəbər agentliyinə əsasən gəmilər hərbi-dəniz donanmasının ərazidəki iştirakını çoxaltmaq üçündür. Amma Novosti agentliyi yüksək rütbəli Donanma Komandirliyi sözçüsündən sitat gətirir ki, bu, Suriya ilə əlaqəsi olmayan, planlaşdırılmış rotasiyadır.
"Güclü işarə"
Tənqidçilər Suriyaya qarşı hücumun məqsədlərini sual edib. Amma cənab Obama PBS (İctimai Yayım Xidməti) telekanalına deyib ki, bu, Bəşər əl-Əsədin hökümətinə "bir daha (kimyəvi silahdan etməmək) haqqında kifayət qədər güclü işarə göndərər".
ABŞ hələ ki, Əsəd hökümətinin kimyəvi silahlardan istifadə etməsini təsdiq edən sübut təqdim etməyib və BMT silah müfəttişləri hələ ki, Suriyada araşdırma aparırlar.
BMT silah müfəttişləri bu gün avqustun 21-də kimyəvi silah hücumları şübhələrini araşdırmaq üçün yenidən işə başlayıb.
BMT Baş katibi Ban Ki-moon deyib ki, sınaqları başa çatdırmaq üçün onlara dörd gün lazımdır.
Cənab Ban əldə olunanları təhlil etmək üçün daha çox vaxt tələb olunacağını deyib.
O, həmçinin şuranı birgə fəaliyyət göstərməyə çağırıb.




