Suriya böhranı: Obama Suriya rejiminin kimyəvi silahdan istifadə etməsindən əmindir

ABŞ prezidenti Barack Obamanın dediyi kimi, Vaşinqton nəticəyə gəlib ki, ötən həftə Suriyanın paytaxtı Dəməşqdə insanlara qarşı kimyəvi silah istifadə edilməsinin arxasında hökümət durur.
Onun sözlərinə görə, kimyəvi silahın istifadə olunması ABŞ-ın milli maraqlarına təsir edir və bu qabaqlayıcı zərbə Suriyada hadisələrin gələcək inkişafına müsbət təsir edəcək.
Lakin ABŞ-ın ictimai kanalı PBS-yə müsahibəsində Obama Suriyaya hərbi müdaxilə barəsində hələlik qəti qərara gəlmədiyini deyib.
BMT-də müzakirələr diplomatik dalana dirəndikdən sonra Vaşinqton bu qərarı alıb.
Böyük Britaniya israr edir ki, BMT Təhlükəsizlik Şurası üzvləri suriyalıların müdafiəsi haqqında son qərara gəlsinlər, bu isə faktiki hərbi müdaxilə deməkdir.
BMT TŞ-ə beynəlxalq hərbi müdaxilə barədə birgə qərar verməyə isə, Suriyanın müttəfiqi Rusiya mane olur.
Böyük Britaniya qətnaməsi
Çərşənbə günü Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına Suriyada "dinc sakinləri qorumaq üçün lazımi tədbirlərin həyata keçirilməsinə qərar verən" qətnamə layihəsi təqdim edib.
Qətnamə şuranın beş daimi üzvünün görüşündə irəli sürülüb, Britaniya Baş Naziri David Cameron Twitter-də yazıb.
BMT silah müfəttişləri bu gün avqustun 21-də kimyəvi silah hücumları şübhələrini araşdırmaq üçün yenidən işə başlayıb.
BMT Baş katibi deyib ki, sınaqları başa çatdırmaq üçün onlara dörd gün lazımdır.
Ban Ki-moon əldə olunanları təhlil etmək üçün daha çox vaxt tələb olunacağını deyib.
O, həmçinin şuranı birgə fəaliyyət göstərməyə çağırıb.
Cənab Cameron deyib: "Biz hər zaman demişik ki, BMT Təhlükəsizlik Şurasının Suriyada öhdəliklərini yerinə yetirməsini istəyirik".
"Bu gün bizim bunu etməyə imkanımız var", o əlavə edib. Qətnamə layihəsi "Əsədin etdiyi kimyəvi silah hücumlarını" pisləyəcək, cənab Cameron deyib.
O, Britaniya Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Toplantıda böhrana mümkün cavablar müzakirə olunacaq.
Rusiya və Çin bundan öncə Suriyaya dair əhəmiyyətli qətnamələrə veto qoyub və hərbi aksiyanı təsdiqləyən hər hansı yeni mətni də bloklaya bilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, hərbi yolla həllə cəhd etmək Suriya və regionda növbəti destabilizasiyaya yol aça bilər.
ABŞ-ın vitse-prezidenti Joe Biden deyib ki, Suriya hökümətinin kimyəvi silah işlətdiyinə “şübhə” yoxdur və buna görə məsuliyyət daşımalıdır.
Həmçinin ABŞ bəyan edib ki, onun hərbi qüvvələri hücumlara keçmək üçün prezident Barack Obamanın qərarını gözləyir, müttəfiqləri də hərəkətə keçməyə hazır olduqlarını bildiriblər.

Suriya höküməti kimyəvi silah iddialarını qəti surətdə rədd edir.
BMT silah müfəttişləri ötən çərşənbə Dəməşq yaxınlığında hücum edilən əraziyə araşdırma üçün səfər edib. Dəlil-toplama səfəri onların avtomobillərinə atılan snayper hücumu ilə gecikib.
ABŞ yaxın günlərdə kəşfiyyatçıların hazırladığı Ghouta-da baş verən hadisələr barədə hesabatını açıqlayacağını deyib. Hadisə nəticəsində təxminən 300 nəfər həyatını itirib.
Rusiya, Çin və İran xəbərdarlıq edib ki, onsuz da müharibədən dağılmış bir ölkəyə hərbi müdaxilənin “fəlakətli” nəticələri ola bilər.
Son iki ildə Suriyadakı hadisələr yüz mindən artıq insanın həyatına son qoyub.
Gözlənilən hücum həm də, beynəlxalq səhmlərin qiymətinin aşağı düşməsi və neft qiymətlərinin gözqırpımında artmasına səbəb olub.
ABŞ kimyəvi silah iddiaları barədə hesabatını yaymasa da, rəsmilər hadisələrin arxasında Suriyanın durduğunu deyir.
Rejimi dəyişmək planı "yoxdur"
Cənab Biden Obama administrasiyası tərkibində bu barədə danışan ən yüksək vəzifəlidir.
Houstonda veteranlar qrupu qarşısında çıxışı zamanı o deyib: “Suriyada kimyəvi silahların istifadəsi kimi ən pis hərəkətə məsuliyyətli olan var: Suriya rejimi”.
O “müdafiəsiz kişi, qadın və uşaqlara qarşı kimyəvi silah işlədənlər.. cavab verməlidir” deyib.
Bundan əvvəl, Ağ Evin sözçüsü Jay Carney deyib ki, başqa birini məsuliyyətli saymaq “ağlasığmaz” olardı.
Lakin o, təkidlə bildirib ki, “rejimi dəyişmək” kimi planlar yoxdur. Hər hansı bir hərbi kampaniyanın isə əhatə dairəsi məhduddur, pilotsuz təyyarələr yalnız hərbi hissələrə hücum edir və yerə enmir.
Başqa bir rəsmi, ABŞ Müdafiə Naziri Chuck Hagel deyir ki, prezident Barack Obama göstəriş versə, ABŞ qüvvələri Suriyaya hücum etməyə "hazırdır".
"Biz (hərbi) aktivləri Prezidentin hər hansı qərarını yerinə yetirmək üçün lazımi yerinə çatdırmışıq", cənab Hagel BBC-ə deyib.
ABŞ Dövlət Katibi John Kerry deyib ki, Suriyada kimyəvi silah işlədildiyini göstərən "danılmaz" sübutlar var.
Britaniya parlamenti həmçinin mümkün cavabları cümə axşamı müzakirə etmək üçün tətildən geri çağrılıb.
Rusiya deyib ki, Suriyaya hərbi müdaxilə ərazi üçün "faciəli nəticələr" törədəcək.
Keçən həftə, Suriyada baş verən ölümcül hücumlara cavab olaraq ABŞ və müttəfiqləri Suriyaya hücum etməyi müzakirə ediblər.
Çərşənbə axşamı isə Suriyanın xarici işlər naziri Walid Muallem deyib ki, Suriya hökümətinin kimyəvi silahlardan istifadə etməsi barədə iddiaları "tamamilə və bütövlükdə" rədd edir.
BMT kimyəvi silah müfəttişləri Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında hücumlar ittihamlarını ikinci gündür ki, araşdırır.
Ötən gün BMT komandası şəhərin qərbində <link type="page"><caption> snayper gülləsi ilə qarşılaşıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/08/130826_syria_us_chem_attacks.shtml" platform="highweb"/></link>.
Həm Suriyaya hərbi müdaxiləni istisna etməyən ABŞ, həm də tərəfdar Rusiya hadisəni pisləyən bəyanat yayıb. BMT sədri Ban Ki-Moon atışmanı pisləyib və şikayət edilməsini məsləhət görüb.
Yarımçıq tətil
Çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç beynəlxalq icmanı böhran haqqında "ehtiyatlı" olmağa, beynəlxalq qanunlar çərçivəsində hərəkət etməyə çağırıb.
Bazar ertəsi axşam saatlarında ABŞ deyib ki, Rusiya diplomatları ilə Suriya haqqında görüşü təxirə salır. Bunun səbəbi, Suriyada kimyəvi silahların istifadə olunması barədə iddialar haqqında "davam edən məsləhətləşmələr" olub.
Bir neçə saat sonra Rusiya bu qərar haqqında məyusluğunu bildirib. İki tərəfin çərşənbə günü Haaqada görüşməsi gözlənilirdi. Görüş böhranın siyasi həlli haqqında beynəlxalq konfransı müzakirə etmək üçün keçiriləcəkdi.
Britaniyanın Baş Naziri David Cameron Suriya münaqişəsilə məşğul olmaq üçün tətildən vaxtından tez qayıdıb.
Bazar ertəsi o, Rusiya prezidenti Vladimir Putinlə danışıb. Cənab Putin deyib ki, Suriyanın üsyançılara qarşı kimyəvi silahlardan istifadə etməsinə dair heç bir sübut yoxdur, cənab Cameronun ofisi deyib.
Tibbi pulsuz yardım xidməti Medecins Sans Frontieres deyib ki, ötən çərşənbə 3600 nəfər "neyrotoksik" simptomla müraciət edib, onlardan 355 nəfəri həyatını itirib.
ABŞ rəsmiləri bəyan edib ki, prezident Bəşər Əsəd hökümətini günahlandırmaq üçün "az şübhə var".
BMT müfəttişləri bazar ertəsi qərb rayonu Muadhamiyada təxminən üç saat vaxt keçirib. Bu ərazidə iki xəstəxana yerləşir, onlar zərərçəkmişləri, şahidləri və həkimləri müsahibə edib.
BMT sözçüsü artıq bəzi nümunələrin götürüldüyünü deyib.
Hesabatlılıq
Cənab Kerry deyib ki, BMT müfəttişlərini əraziyə baxış üçün gecikdirmək Suriya hökümətinin “nəyisə gizlətməsi” deməkdir.
O bildirib ki, Vaşinqtonun bir neçə günə açıqlayacağı önəmli məlumatlar var.
“Suriyada ötən həftə gördüklərimiz bütün dünyanın vicdanına şok olmalıdır. Bu, bütün etik kodları keçib”, cənab Kerry bazar ertəsi mətbuat konfransında deyib.
“Prezident Obama səhvsiz inanır ki, dünyanın ən pis silahını ən zəif insanlara qarşı işlədənlərə görə kimlərsə hesab verməlidir”.
Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərb prezident Əsədin kimyəvi silah işlətməsi barədə heç bir sübut göstərə bilməz.
O, Suriya hökumətinə qarşı hərbi hərəkətin BMT-nin mandatı olmadan həyata keçirilməsi barədə çağırışlara cavab verib.
Cənab Lavrov deyib ki, Təhlükəsizlik Şurasının dəstəkləmədiyi müdaxilə “beynəlxalq hüquqa kobud zorakılıq” olacaq.
BMT TŞ-da fikir ayrılığı var: Çin və Rusiya hərbi müdaxiləyə qarşıdır, Böyük Britaniya və Fransa isə “böyük insani ehtiyac” olarsa, əksini düşünür.
BMT rəqəmlərinə görə, son iki ildə prezident Əsədə qarşı aksiyalar başlayandan bəri yüz mindən çox insan öldürülüb və 1.7 milyon nəfər qaçqın düşüb.




