Suriyada BMT işçilərinə “atəş açılıb”

BMT
Şəklin alt yazısı, BMT vəd edib ki, maşını dəyişə bilən kimi araşdırmanı davam etdirəcək

Naməlum snayperlər Suriyada iddia olunan nüvə silahı hücumunun yerinə gələn BMT silah müfəttişlərinin kortejinə atəş açıblar, BMT deyib.

Bir maşına “bir neçə dəfə” atəş açılıb və buna görə kortej geri dönməli olub. BMT vəd edib ki, maşını dəyişə bilən kimi araşdırmanı davam etdirəcək.

Suriya dövlət mediası hücumda müxalifət “terrorçuları”nı suçlayıb, amma iddiaları təsdiq etmək mümkün olmayıb.

Çərşənbə günü paytaxt Dəməşqdə baş verən hücumda yüzlərlə adam ölüb.

Həm Suriya höküməti, həm də üsyançılar müfəttişlərə araşdırma işlərini aparmağa izn vermək üçün atəşkəsə razılaşıblar.

Buna baxmayaraq Qərb rəsmiləri deyiblər ki, Suriya icazə verənə qədər çox vaxt keçib və mümkündür ki, sübutlar məhv edilib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Suriyaya BMT mandatı olmadan hərbi müdaxilə beynəlxalq qanunların ciddi şəkildə pozulması demək olar.

Bundan əvvəl Britaniya Xarici İşlər naziri William Hague kimyəvi silahlardan istifadəyə görə Suriyaya BMT-nin dəstəyi olmadan da beynəlxalq hərbi müdaxilənin mümkün olduğunu bəyan edib.

Bəşər əl-Əsəd

Suriya prezidenti Bəşər əl-Əsəd ABŞ-nin hər hansı bir hərbi müdaxiləsinin “uğursuzluqla” nəticələnəcəyini deyib.

“Kimsə Suriyanı Qərbin kuklasına çevirmək fikrindədirsə, bu baş verməyəcək” – o, Rusiyanın İzvestiya qəzetinə deyib.

ABŞ deyir ki, 300 nəfərin ölümü ilə bitən Suriya qüvvələrinin hücum zamanı kimyəvi silahdan istifadə etməsinə şübhələr “azdır”.

Cənab Əsəd iddiaları “sağlam düşüncənin əleyhinə” adlandıraraq onları rədd edib.

O, müsahibəsi zamanı həmçinin Suriyanın Rusiya ilə yaxın əlaqələrə malik olduğuna işarə vurub. Belə ki, cənab Əsəd Rusiyanın Suriya xalqını müdafiə etmək üçün “hər şey göndərdiyini” qeyd edib.