Suriya münaqişəsi: Dəməşq yaxınlığında "kimyəvi hücumlar"
Dəməşq yaxınlığında yüzlərlə insan kimyəvi silah hücumuna məruz qalıb, Suriya müxalifət fəalları bildirir.
Məlumata görə, çərşənbə səhəri Ghouta (Ğuta) regionuna zəhərli maddələr daşıyan raketlər buraxılıb.
Aparıcı müxalifət birliyi hücumda 1000-dən artıq adamın öldüyünü xəbər verib.
Suriya ordusu bildirir ki, üsyançılar ittihamlar yaymaqla itkilərindən diqqəti yayındırmaq niyyətini güdürlər.
YouTube-dakı görüntülər sahə hospitallarında adamlara ilk yardım göstərilməsini təsvir edir.
Suriyaya bazar günü çatan BMT müfəttişlər qrupu bundan öncəki kimyəvi silah iddialarını araşdırmağa gəlib.
Müfəttişlərin indiki iddiaları müzakirə edib-etməyəcəyi məlum deyil. Onlar mart ayında 26 nəfərin öldürüldüyü Xan-əl-Assal da daxil olmaqla, üç rayonu araşdıracaqlar.
Münaqişə zamanı həm hökümət, həm də üsyançılar bir-birini kimyəvi silah işlətməkdə suçlayıb.
Bu məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.
Ehtimallara görə, Suriyada xardal qazı və sinirlərə təsir göstərən zarin maddəsinin ehtiyatları mövcuddur.