Suriya ordusu Homs şəhərində həlledici qələbə qazanıb

Suriya hökümət qüvvələri Homs şəhərində Xalidiyə rayonu və ona bitişən ərazilərə nəzarəti ələ keçirib.
Fəalların və mətbuatın məlumatına əsasən, Homs şəhəri üsyançıların nəzarəti altında xeyli vaxt qalan bir neçə bölgələrdən biri olub.
Suriya Silahlı Qüvvələrinin Homs istiqamətində əməliyyatı şənbə günü başlayıb.
Üsyançılar Xalidiyə bölgəsinə 1 ildən artıq nəzarət ediblər və bu hadisə prezident Bəşər əl-Əsədə qarşı üsyanın rəmzi kimi qiymətləndirilib.
Bu əraziyə Suriya hökümət qoşunları tərəfindən nəzarətin bərpa edilməsi hökümət qüvvələrinin son dövrlərdə keçirdikləri uğurlu əməliyyatların davamı kimi qiymətləndirilir.
BMT-nin məlumatına görə Suriyada 28 aydır kı davam edən münaqişə nəticəsində 100 mindən çox adam həlak olub, 1.7 milyon insan qonşu ölkələrdə sığınacaq axtarmağa məcbur olub.
Bölgədəki ərəbdilli telekanalların yaydığı xəbərlərə əsasən, Homs şəhərinin təxminən 80%-i Suriya hökümət qoşunlarının nəzarəti altına keçib.
