Suriya böhranı: Üsyançılar müxalifət koalisiyasını pisləyir

Suriya

Suriyada hökümət qoşunları ilə döyüşən üsyançıları təmsil edən İnqilab Hərəkatı tərəfindən verilən bəyanatda müxalifət koalisiyasının Suriya inqilabını təmsil etmədiyi vurğulanır.

Bu tənqid Rusiya və ABŞ-ın iyun ayında Suriya mövzusunda beynəlxalq konfrans təşkil etmək cəhdlərində bulunduğu dövrə təsadüf edib.

Çərşənbə günü Cenevrədə BMT Suriya ilə bağlı təcili müzakirə keçirmək niyyətindədir.

Suriya daxilində döyüşlərdə iştirak edən 4 aparıcı üsyançı qrupr tərəfindən yayılmış birgə bəyanatda Suriya İnqilabi və Müxalifət Qüvvələri Milli Koalisiyasının "davamlı nifaq" səbəbiylə öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı vurğulanıb.

Milli Koalisiya üzvlərinin Türkiyədə keçirilmiş görüşü iyun ayında Suriyaya dair nəzərdə tutulmuş beynəlxalq konfransda onları kim təmsil etməli məsələsində kəskin ziddiyyət və narazılıq olduğunu aşkar etmişdir.

Suriya İnqilab Hərəkatı hesab edir ki, onları xaricdə təmsil edən Milli Koalissiyanın ən azı tən yarısı "inqilabi qüvvələrdən" təşkil olunmalıdır.

BBC müxbiri hesab edir ki, Rusiya və ABŞ tərəfindən Suriyaya dair konfrans keçirmək təşəbbüsü fonunda Suriya İnqilab Hərəkatının bəyanatı müxalifət düşərgəsində acınacaqlı və ziddiyyətli vəziyyətin movcud olduğunu sübut edir.