Oğul Heydər Əliyev Davosda: O, Azərbaycanı hansı statusda təmsil edib?
Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev də Davosda Dünya İqtisadi Forumunda Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib.
Lakin Heydər Əliyevin nümayəndə heyətinə hansı statusla daxil edildiyi məlum deyil.
Prezident fərmanı əsasında təsis edilmiş Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc onun İqtisadiyyat Nazirliyində rəsmi vəzifə daşıdığını deyir.
Zahid Oruc hesab edir ki, bu, gənc Heydər Əliyevə Davosda iştirak hüququ verir.
İlk dəfə deyil ki, Heydər Əliyev belə yüksək səviyyəli tədbirə qatılır. O, 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri zamanı rəsmi ziyafətdə görünmüşdü.
Həmçinin onun Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən hökumət iclasına qatılması da o vaxt geniş müzakirələr yaratmışdı.
Həmin vaxt Prezidentin köməkçisi Hikmət Hacıyev Azadlıq Radiosuna bunu belə izah etmişdi ki, iclas "peşəkar mütəxəssislər üçün açıq" olub və Heydər Əliyev də "Azərbaycan Respublikasının vətəndaşı və konkret sahə üzrə mütəxəssis qismində" iştirak edib.
Bəzi hakimiyyət tənqidçiləri gənc Heydər Əliyevin Davosda iştirakını yerli və beynəlxalq ictimaiyyətə siyasi varislik mesajı kimi qiymətləndirirlər.
Hakimiyyətin sərt tənqidçilərindən Qənimət Zahid belə hesab edir ki, Davosdakı iştirak hakimiyyət daxilinə ünvanlanan mesaj xarakteri daşıyır.
O, sosial mediada yazır ki, İlham Əliyev bu addımı ilə "mümkün daxili ambisiyalara" cavab verir: "Məndən sonra da sizdən biri olmayacaq".
Amma Zahid Oruc hesab edir ki, hər hansı siyasi varislik mesajından söhbət gedə bilməz.
Heydər Əliuyevin iştirak etdiyi beynəlxalq platformalar "varislik hazırlığı"ndan çox, peşəkar inkişaf seçimidir", - deyə millət vəkili "Qalib Azərbaycanda Heydər Əliyev nəsli niyə hədəfə çevrilir?" adlı məqaləsində yazır.
Zahid Oruc qeyd edir ki, gənc Heydər Əliyev "Xarici nümayəndə heyətlərinin apardığı danışıqları, anlaşma mexanizmlərini, qərarvermə proseslərini, siyasi və iqtisadi davranış modellərini yaxından görür, mühüm təcrübələr əxz edir" .
Dünya İqtisadi Forumuna İlham Əliyevin digər ailə üzvləri də qatılmışdı.



