ABŞ ordusundan Suriyaya mümkün müdaxilə ssenariləri

Dempsey

ABŞ Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Suriya müharibəsinə mümkün müdaxilə ssenarilərinin şərtləri, dəyəri, mənfi və müsbət cəhətlərini açıqlayıb.

Senatorlara açıq məktubunda general Martin Dempsey 5 mümkün müdaxilə variantı arasında güc işlədilməsini nəzərdə tutan addımların müharibə və çoxmilyardlıq məsrəflər tələb edəcəyini vurğulayıb.

General Dempsey-ə görə ABŞ Suriyada aşağıdakı variantlara malikdir:

  • Təlim, təchiz və üsyançılara digər dəstək formaları
  • Məhdud xarakterli hava zərbələri
  • Uçuş üçün qapalı zonaların tətbiqi
  • Ölkədaxili bufer zonalarının yaradılması
  • Kimyəvi silahlara nəzarətin tətbiqi

Hərbçinin məlumatına əsasən ilk variant ildə yarım milyard dollara başa gələcəksə, yerdə qalan 4 variantın məsrəfləri təqribən 1 milyard dollar təşkil edəcək.

"Bu müharibədir"

"Biz mümkün güc tətbiqi variantına tam ciddiliklə yanaşırıq. Bu, müharibə aktından başqa bir şey deyil”, - generalın məktbununda deyilir.

Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Əfqanıstan və İraq müharibəsindəki ABŞ təcrübəsinin nəzərə alınmasının əhəmiyyətini vurğulayır.

"Son 10 il ərzində biz hərbi qüvvələr nisbətinin dəyişdirilməsinin kifayət etmədiyini gördük: işlək dövlətin ayaqda qalması üçün tələb edilən addımlar hərtərəfli öyrənilməlidir”, - yazır general.

Martin Dempsey öz məktubunu Silahlı Qüvvələr üzrə Senat komitəsinin iki üzvünün sorğusuna cavab olaraq yazıb.

Hazırda komitə Demspey-nin ikinci müddətə yenidən təyin olunması məsələsini nəzərdən keçirir.

Britaniyadan baxış

Ötən həftə istefaya çıxmağa hazırlaşan Britaniya Silahlı Qüvvələrinin başçısı general David Richards deyib ki, siyasətçilər Suriya müdaxiləsinin nəticələri barədə yaxşı təsəvvürə malik olmalıdır.

Daily Telegraph qəzetinə müsahibəsində general yerdəki hədəflərə zərbələrin endirilməsinin müharibə anlamına gəldiyini deyib.

David Richards-ın sözlərinə görə uçuşlar üçün yasaqlanmış zonanın yaradılması havadan müdafiə sisteminin mövcudluğu təqdirində qeyri-effektiv olacaq.

“Suriya rejiminə əhəmiyyətli təsir göstərmək istəyirsinizsə - uçuşlarsız zona özü-özlüyündə kifayət etmir”.

Bundan əlavə general ağır texnikanın və o cümlədən üsyançılara qarşı istifadə edilən tankların məhv edilməsində təkidlidir.

Bu isə onun sözlərinə görə müharibə deməkdir.

Birləşmiş Millətlər Təşkilatına əsasən Suriyada münaqişənin 2011-ci ilin martında başlanmasından bu yana ən azı 93 min ölüb.