Avropa Suriyaya silah embarqosunu uzatmayacaq

William Hague

Avropa İttifaqının xarici işlər nazirləri Suriyaya silah embarqosunu uzatmamaq qərarına gəliblər, lakin ölkəyə qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlər ən azı bir il ərzində qüvvədə qalacaq.

Brüsseldə toplaşan Avropa diplomatları yaxın vaxtlarda Suriya müxalifətini silahlandırmaq planlarına malik olmadığını deyiblər.

Mötədil müxalifət

Fransa ilə Britaniya 2011-ci ilin may ayında qəbul olunmuş embarqonun ləğvil və general Səlim İdrisin başçılığı ilə mötədil müxalifətin silahla təchiz edilməsini görmək istəyirdilər.

London və Paris hesab edirlər ki, müxalifəti silahla təchiz etməklə prezident Bəşər Əsədi siyasi danışıqlara sövq etmək mümkün olacaq.

“Silah embarqosu sona çatıb. Silah göndərmək haqqında qərar qəbul olunmayıb. Digər sanksiyalar qüvvədə qalır”, - iclasda iştirak edən Britaniyanın xarici işlər naziri William Hague öz Twitter messajında yazıb.

Etiraz

Rusiya Brüsselin qərarı ilə razılaşmayıb.

Bu ilin fevral ayında Avropa İttifaqının xarici işlər nazirləri “Avropa İttifaqı tərəfindən Suriya xalqının qanuni nümayəndələri” tanınan müxalifət qüvvələrinə qeyri-ölümcül hərbi avadanlığın təchizatına dair qərar çıxarıb.

Bir çox humanitar təşkilat embarqo rejiminin zəiflədilməsinə etiraz edərək onun “fəlakətli nəticələr” verəcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

“Suriya münaqişəsinin asan çözümü yoxdur, silahla təchizat problemin həlli ola bilməz. Beynəlxalq ictimaiyyətin səyləri siyasi tənzimləmənin tapılmasına yönəlməlidir”, - Oxfam təşkilatının silahlara nəzarət üzrə eskperti Anna Macdonald deyib.

Avropa İttifaqı iyun ayında Suriya üzrə beynəlxalq sülh konfransının çağırılmasına dair Rusiya ilə ABŞ təşəbbüsünü dəstəkləyib.