Rusiya və İsrail mənbələri: S-300 raketlərin Suriyaya verilməsi mümkündür

S-300 kompleksi

Bir sıra Rusiya və İsrail mənbələri Qərb mətbuatında Moskvanın S-300 raket komplekslərini Dəməşqə satmağdan guya imtina etməsi barədə getmiş məlumatını təkzib edib.

Bundan əvvəl, Britaniyada nəşr olunan The Sunday Times qəzeti yüksəkrütbəli rusiyalı məmura istinadən xəbər vermişdir ki, sazişin ləğvi haqqında razılıq bu yaxınlarda Söçidə Putin-Netanyahu görüşündə əldə edilib.

Rəsminin sözlərinə görə, cavab addımı kimi, İsrail, iddia edildiyinə görə, guya Suriyaya qarşı hava hücumları keçirməyəcəyinə söz veribmiş.

Elə həmin gün İsrail mətbuatında bu məlumat təkzib olundu.

İsrail hökümətindəki mənbə hökümətə yaxın sayılan Ynetnews portalına bu məlumatların "reallıqdan uzaq" olduğunu bildirib.

"Bu nağıldır. Putin və Netanyahu arasında heç bir razılıq əldə olunmayıb", - o, deyib.

Ötən cümə axşamı günü, İsrail Hava qüvvələri komandanı, general-mayor Əmir Eshel bildirib ki, C-300 raketləri hələ ki Suriya prezidenti Bəşər Əsədə çatmayıb.

Eyni zamanda, o, qeyd edib ki, bu silah Suriyaya çatan kimi, bölgədə mövcud güc tarazlığı əsaslı tərzdə pozula bilər, və İsrail heç cür buna yol verə bilməz.

Mayın 10-da Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın Suriyaya yeni silah satışı planları yoxdur və hazırda mövcud müqavilələr çərçivəsində sifarişlər yerinə yetirilməkdədir.

Nazir izah edib ki, Rusiya Dəməşqə bundan əvvəl verdiyi öhdəliklər çərçivəsində hava hücumundan özünü qoruya bilməsi üçün Suriyanın silah təchizatı sifarişlərini yerinə yetirməkdədir.