Suriyada “Tomahawk” zərbələrindən sonra nə ola bilər?

Bəşər əl-Əsəd
Şəklin alt yazısı, Suriya prezidenti Bəşər əl-Əsəd zərbələrdən sonra nə edəcək?

ABŞ rəsmiləri ümid edirlər ki, Suriya üzərinə hər hansı bir zərbə dəqiqliyinə görə “cərrahi”, miqyasına görə məhdud olacaq. Bəs raketlər və mərmilər atılandan sonra ABŞ nə edəcək?

ABŞ hücum edə də bilər, etməyə də. ABŞ prezidenti Barack Obama ötən çərşənbə deyib ki, “mən hələ qərar qəbul etməmişəm”.

Cənab Obama lap əvvəldən demişdi ki, Suriya hökumətinin kimyəvi silaha əl atdığı təqdirdə, ABŞ hərbi müdaxiləyə gedəcək.

Və ötən həftə ABŞ rəsmiləri bəyan etdilər ki, prezident Bəşər əl-Əsədin qüvvələri Dəməşq ətrafında üsyançılara qarşı zəhərli qazdan istifadə edib. Xəbər verildiyinə görə, qadınlar və uşaqlar da daxil 1000-dək insan həlak olub.

Suriya hökuməti bildirir ki, kimyəvi silahdan istifadə ertməyib, lakin ABŞ bəyan edir ki, hücuma hazırdır.

“Biz hazırıq”

BMT müfəttişləri Dəməşq yaxınlığında qaz hücumunun olduğu barədə dəlilləri toplamaqla məşğuldurlar və bildiriblər ki, yoxlama işləri cümə günü başa çatacaq.

Bu arada Vaşinqton rəsmiləri hərbi əməliyyatlar üçün əsas hazırlanması üzərində işləyirlər.

“Biz hazırıq” - ABŞ müdafiə naziri Chuck Hagel BBC-ə belə deyib.

Əgər Amerika rəsmiləri hərbi əməliyyatlara başlasalar, ən azı müəyyən formada Türkiyə və Fransanın dəstəyinə ümid bağlaya bilərlər. Onlara Birləşmiş Krallıqdan dəstək verilməyəcək, çünki cümə axşamı gecə, ölkə parlamenti Suriyaya müdaxiləni dəstəkləyən təşəbbüsü rədd edib.

Rusiyanın mövqeyinə görə BMT Təhlükəsizlik Şurası da Suriyaya hərbi müdaxiləni dəstəkləməyəcək.

ABŞ-ın Suriya hökumət qüvvələri üzərinə hücum üçün “Tomahawk” ballistik raketlərindən istifadə edəcəyi güman olunur. Bu raketlər şərqi Aralıq dənizindəki eskadra münadaşıyan gəmilərindən atılacaq.

Raketlər kimyəvi silahların anbarlandığı yerləri hədəfləməyəcək, çünki zərbə nəticəsində zəhərli qazlar ətrafa yayıla və ya kimyəvi silahlar arzuolunmaz əllərə düşə bilər.

ABŞ-ın Beşinci Süvari Alayı tərkibində İraqda əməliyyat zabiti kimi xidmət etmiş Douglas Ollivant deyir ki, əvəzində hərbi obyektlər – radiostansiyalar, komandanlıq postları və raket qurğuları hədəflənəcək.

İlkin əməliyyat sürətli olacaq.

İctimai rəy

ABŞ-ın Ohayo Dövlət Universitetinin hərbiyyə tarixi üzrə professoru Peter Mansoor vaxtilə, hazırda təqaüddə olan ABŞ generalı David Petraeus-un şəxsi katibi olub. O deyir ki, Suriyaya hücum bir növ 1998-ci ildə İraqda həyata keçirilmiş çox qısa və dəqiq“Desert Fox” əməliyyatına bənzəyəcək.

İndiyədək cənab Obama Əsəd rejiminin kimyəvi silahlardan istifadə etməsinə cavab olaraq mümkün qədər “qansız” yol axtarıb.

Raket zərbələri belə bir yol sayıla bilər. Əgər o bu yolla getsə, onda indiyədək qanlı quru döyüşlərindən yan keçmək üçün raket zərbələrinə əl atmış silsilə ABŞ prezidentlərinin cərgəsinə qoşulacaq.

USS carrier
Şəklin alt yazısı, Zərbələrin dənizdən endiriləcəyi güman edilir.

Raketlər amerikalıların həyatlarını təhlükə altına salmadan dənizdən atılacaq.

Quru qoşunlarından istifadədənsə, bu yol ABŞ ictimaiyyətinin daha çox döşünə yatır. Quinnipiac Universitetinin keçirdiyi rəy sorğusu göstərib ki, amerikalıların əksəriyyəti ABŞ-ın Suriya münaqişəsinə cəlb olunmasının əleyhinədir.

Bununla yanaşı, rəyi soruşulanların təxminən yarısı bildirib ki, onlar məsafədən aparılan hərbi əməliyyatlara etiraz etmirlər.

“Foreign Affairs” jurnalının məqalələrində hava zərbələri “müharibənin Amerika növü” adlandırılır.

Lakin təəssüf ki, səmərəli və ağrısız məsafədən müharibə ilyuziyadır.

2003-cü ilin martında İraqda “hürküt və xofa sal” bombardmanı, yalnız özü, təkbaşına Səddam Hüseyni devirə bilmədi.

Keçmiş xüsusi qüvvələr zabiti Kalev Sepp hazırda ABŞ Ali Donanma Məktəbində mühazirəçidir. O deyir ki, havadan bombalama, həm də quru qoşunlarının müdaxiləsini tələb edir.

Digər tərəfdən, mərmilər və raketlər, yalnız onları tuşlayan kəşfiyyat keyfiyyətli olduqda səmərə verir.

1998-ci ildə ABŞ ballistik raketi Sudanda əczaçılıq fabrikini dağıtmışdı, çünki kəşfiyyat onun kimyəvi silah zavodu olduğuna inanmışdı.

Bəzi məlumatlara görə, Obama administrasiyası Suriyaya məsafədən komanda ilə hava zərbələrini müzakirə edərkən, nümunə kimi NATO-nun Kosovodakı hava müharibəsi təcrübəsini bir daha nəzərdən keçirib.

Həmin bombalama kampaniyasında da hər şey qaydasında getmədi. ABŞ səhvən Çin səfirliyini vurdu.

“Belə səhvlər, yanlışlıqlar həmişə baş verir və bunlar əks-nəticələrə səbəb olur” – deyir cənab Sepp.

Uğursuzluq

Cənab Obama deyir ki, hər hansı hava zərbələrinin məqsədi Əsəd rejimini gələcəkdə kimyəvi silahdan istifadədən çəkindərmək olmalıdır.

“Özünü müdafiə etmək üçün vətəndaş müharibəsinə girişmiş Əsəd rejimi üçün bu, çox güclü siqnal ola bilərdi” – deyib Obama.

Bundan sonra nə baş verəcəyini isə heç kim bilmir.

Prezident Obamanın ilk prezidentlik müddətində dövlət katibi müavininin köməkçisi işləmiş Suzanne Nossel deyir: “Onlar elə bir şey etmək istəyirlər ki, boş hərəkətə bənzəməsin”.

“Onlar Əsəddən reaksiya gözləyəcəklər. O nə edəcək? Yenə də uca tonla “siz İraqda da uduzmusunuz, Vyetnamda da” kimi ritorikanısını artıracaq, yoxsa boyun əyəcək?”

Əgər Əsəd inadkarlığını artırsa, cənab Obamanın əl atacağı bir sıra vasitələr var və bunların heç biri yaxşı deyil.

“Uzaqbaşı heç nə etmirsən, sadəcə olaraq, Əsəd rejimini devirmək üçün genişmiqyaslı hava və quru kampaniyaları aparırsan” – deyir cənab Sepp.

“Əlbəttə, ölkə daxilinə üsyançıları təlimləndirmək və təşkilatlandırmaq üçün xüsusi qüvvələlər göndərilə bilər. Lakin bu işi xəlvəti görmək mümkün deyil. Belə olduqda isə orada Amerika əsgərlərinə ehtiyac olacaq və onlar öldürüləcəklər. Əsəd rejimini devirmək üçün bütün bunlara dəyərmi?”